ABŞ ordusunun keçmiş sıravi əsgəri, İndianapolisdə doğulmuş Kessinq 2013-cü ilin oktyabrında Suriyada silahlı qruplaşmalar tərəfindən girov götürülüb.
Elchi.az RİA Novosti-yə istinadən bildirir ki, o, humanitar təşkilatlardan birinin əməkdaşı olub və ərzaq, dava-dərmanların çatdırılması ilə məşğul imiş.
26 yaşlı amerikalı girov Piter Kessinqin valideynləri bu gün oğullarının əsirlikdən göndərdiyi məktubun mətnini ictimaiyyətin diqqətinə çatdırıblar. Məktubda göstərilir ki, İŞİD-çilər əvvəllər amerikalını edamla hədələyiblər. Kessinq yazır ki, əsirlikdə islamı qəbul edib və adı Əbdül Rəhmandır, müsəlman adət-ənənələrinə riayət edir. Lakin etiraf edib ki, bütün bunlara baxmayaraq, silahlılar onu da digər girovlar kimi hər an qətlə yetirə bilərlər.
“Mən təbii ki, ölməkdən qorxuram, ancaq ən pisi isə budur ki, heç nə bilmirsən, ehtimal edirsən, ümid edirsən və yenə ehtimal, güman. Və ümumiyyətlə, ümid etməyə dəyərmi?” – Kessinq yazır. – Əgər ölsəm, heç olmasa, onunla təsəlli tapın ki, mən bura ehtiyacı olanlara yardım etmək üçün gəlmişdim”.
Qeyd edək ki, girovun atası Ed Kessinq də humanitar təşkilatlarda çalışıb.