Mərkəzi Bankın təşəbbüsü və rəsmi dəvəti ilə Əpl Pey (Apple Pay) ödəniş sisteminin ölkəmizdə tətbiqi üzrə işlərə başlanılıb.
Oxu.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın Baş direktoru Fərid Osmanov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında məlumat verib.
O bildirib ki, bu istiqamətdə aktiv işlərə başlanılıb:
“Artıq Əpl Pey komandası kommersiya bankları, prosessinq mərkəzləri, beynəlxalq kart təşkilatları ilə birgə aktiv tətbiq və sınaq işlərini mərhələli olaraq icra etməkdədir. Yaxın günlərdə, hətta gələn həftə bir sıra kommersiya banklarının emissiya etdikləri debit və kredit kartlarından istifadə etməklə Əpl Pey vasitəsilə təmassız, asan və təhlükəsiz ödənişləri POS terminallar üzərindən, elektron ticarət səhifələrindən və tətbiqlərindən etmək mümkün olacaq”.
Fərid Osmanov qeyd edib ki, bununla bağlı Mərkəzi Bankın sosial şəbəkə hesabları vasitəsi ilə ictimaiyyətə ətraflı məlumat veriləcək.