Rəsmi Bakı məsələyə reaksiya vermək istəmir; Vəfa Quluzadə: “Əgər Azərbaycan Amerikanın köməyi ilə
Xəzərdə güclü donanma yaratmaq istəsə, buna kim qadağa qoya bilər?”
“Biz ”Xəzər beşliyi”nin birgə bəyanatında qeyd olunmuş başqa müddəalarla yanaşı, Xəzər dənizində sahil ölkəsi olmayan dövlətlərin silahlı qüvvələrinin mövcudluğunun yolverilməzliyi barədə müddəanı da görmüşük”.
Bu fikri ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki Vaşinqtonda keçirilən brifinqdə bildirib. O, Rusiya, İran, Qazaxıstan, Türkmənistan və Azərbaycan liderləri tərəfindən sentyabrın 29-da qəbul edilmiş birgə bəyanat barədə suala cavab verərkən belə deyib: “Bizim Azərbaycanla sərhəd təhlükəsizliyi, antiterror fəaliyyəti, NATO-nun qarşılıqlı əməliyyatlara və beynəlxalq missiyalara sülhyaradıcılarla töhfə verməsi imkanları üzərində cəmləşmiş güclü təhlükəsizlik əməkdaşlığımız var. Biz düşünmürük ki, ”Xəzər beşliyi”nin birgə bəyanatı bunu dəyişəcək və ABŞ-Azərbaycan əməkdaşlığını təsirləndirməyəcək”.
ABŞ-dan Həştərxan sammitinə bu qədər sərt mövqe bildirilməsi bəzi müşahidəçilər üçün gözlənilməz olmayıb. Hesab olunur ki, Rusiyanın Ukrayna böhranını dərinləşdirdiyi bir dönəmdə Xəzəri də öz monopoliyasına almaq cəhdi imperiyanı diriltmək cəhdlərinin tərkib hissəsi kimi qəbul edilməlidir və ona görə də Vaşinqtonun məsələyə təpkisi anlaşılandır. Xatırladaq ki, beş Xəzəryanı ölkənin Həştərxanda keçirilmiş sammitində qəbul olunmuş birgə bəyanatda deyilir: “Xəzər beşliyi” Xəzər dənizində sahil ölkəsi olmayan dövlətlərin silahlı qüvvələrinin mövcudiyyətini yolverilməz hesab edir”.
Rəsmi Bakı isə ABŞ-ın mövqeyinə reaksiya vermək istəmir. XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Yeni Müsavat”a dedi ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov sammitin yekunları barədə Bakının mövqeyini açıqlayıb və bununla kifayətlənirlər…
Nazir müavininin sözlərinə görə, nəhayət, 18 illik danışıqlardan sonra Xəzərin əsas məsələləri üzrə razılıq əldə olunub: “Bu isə o deməkdir ki, Xəzəryanı məkanda etimad və əməkdaşlıq mühiti yaxşılaşıb. Həmçinin Xəzərdə gəmiçilik sahəsində əməkdaşlıq məsələləri vacibdir ki, bu da dövlət başçılarının bəyanatında öz əksini tapıb”.
İşçi qrupunun növbəti görüşü noyabr-dekabr aylarında Bakıda keçiriləcək. Məlumata görə, müxtəlif təşəbbüslərlə çıxış edən Azərbaycan razılaşmaların əldə olunmasında mühüm rol oynayıb.
![](http://qubalilar.biz/wp-content/uploads/2013/02/Vefa_Guluzade_210213.jpg)
Politoloq Vəfa Quluzadə isə Həştərxan görüşünün ciddi irəliləyişə gətirdiyini düşünmür: “Həştərxan görüşündə Xəzərin sektorlara bölünməsi həll olunmadı. Ancaq Rusiyanın təmənnaları özünü göstərdi. Sözsüz ki, Rusiya istədiyinə nail olmadı. Hər ölkənin özünün dənizin səthində payı, sərhədləri, zonası var. Rusiya da öz maraqlarına uyğun olaraq Xəzəri bölə bilmədi”. Politoloq Rusiyanın diktəsi ilə “Xəzər beşliyi”nin Xəzər dənizində sahil ölkəsi olmayan dövlətlərin silahlı qüvvələrinin mövcudiyyətini yolverilməz hesab etməsi barədə sənədin qəbuluna təəccübləndiyini vurğuladı: “Bu, nə deməkdir? Biz müstəqil dövlətik və dənizin Azərbaycana aid suları barədə müstəqil qərar vermək hüququmuz var. Rusiya isə xarici dövlətdir. Elə isə nə səbəbə Rusiyanın Xəzərdə güclü hərbi donanması var? Gərək onda Rusiya Xəzərdəki əsgəri donanmasından imtina etsin. Rusiyanın arzusu odur ki, orda yalnız özünün donanması olsun, başqası gəlməsin”.
V.Quluzadə Moskvanın etirazının prinsipial qərarlara təsir edəcəyinə inanmır: “Hər dövlət öz sektorunda neft-qaz istehsal edəcək, balıqçılıqla məşğul olacaq.
Əgər Azərbaycan Amerikanın köməyi ilə Xəzərdə güclü donanma yaratmaq istəsə, buna kim qadağa qoya bilər? Amerika ilə birgə hərbi donanma yaratmaq istəyi olsa, Rusiyanın etirazına baxmayaraq bu, yaranacaq. Necə ki, Rusiya Azərbaycan, Türkmənistan və Qazaxıstanın Xəzərdə neft çıxarmasının əleyhinə idi, ancaq heç kim Moskvaya baxmadı, öz işi ilə məşğul oldu. Xəzərdə yalnız Rusiya nüvə superdövlətidir. Ancaq Həştərxanda Rusiyanın təsirini sırımaq mümkün olmadı”. Politoloq Amerikanın mövqeyini normal sayır: “Nə səbəbə görə Rusiya narahatdır? Biz müstəqil dövlətik, istənilən ölkə ilə əməkdaşlıq edə bilərik. Sanki Amerikanın 6-cı donanması Xəzərə gəlir ki, Rusiya etiraz edir. Unutmaq olmaz ki, Xəzər bağlı bir dənizdir və burada bağlı dəniz qanunvericiliyi işləyir”.
V.Quluzadə Azərbaycan və Rusiya prezidentlərinin görüşünü, iki qonşu dövlətin artan əlaqələrindən danışmasını isə müsbət dəyərləndirdi: “Rusiya sanksiyalardan çətin vəziyyətə düşüb deyə, Azərbaycan Moskva ilə əlaqələri genişləndirmir. Azərbaycan həmişə Rusiya ilə normal ticarət əlaqələrində olub. Sadəcə, son vaxtlar Rusiyada miqrantlara, azərbaycanlıların bazarlarına qarşı təzyiqlər olduğu üçün əlaqələr zəifləmişdi. İndi Rusiya çətinə düşüb və mövqeyindən geri çəkilib. Biz də pul qazanırıq. Ona görə deyirik ”pulumuzu verin, malınızı aparın””.
Cavid TURAN