Böyüklərimizin bir sözü var, “Elin gözü tərəzidir”. Fikrimcə, “Elin gözü” deyil, ən düzgün tərəzi zamandır. Ona görə də heç vaxt “Elin gözü tərəzidir” məsəlinə söykənib, bu “tərəzi”nin milləri üzərində “oynamamışam”. Hərbi-siyasi şərhçi kimi fəaliyyətimdə hər zaman reallığın diqtə etdiyi amilləri diqqətə çatdırmağa çalışmışam. Xüsusən də hərbi-siyasi, hərbi-taktiki mövzulardakı şərhlərimdə kütlənin eşitmək istədiyini (xoşa gəlmək xatirinə) deyil, tənqid olunacağıma rəğmən reallığı əks etdirən icmal üzərindən fikirlərimi cəmiyyətə çatdırmışam. Etiraf edim ki, heç vaxt tənqid olunacağıma dair narahatlıq hissi keçirməmişəm. Ancaq bunun da bir qırmızı xətti olmalıdır.
Son aylarda dünyada və regionda baş verən hadisələr hərbi-siyasi və hərbi-taktik məsələlərə həssaslığı artırıb. Bu mövzuda açıqlamalar və müsahibələr vətəndaşlarımız tərəfindən oxunur və baxılır. Təəssüf doğuran məqam isə başqadır. Bir çox hallarda cəmiyyətdə reallığı görməzdən gəlmək kimi bir xüsusiyyət formalaşıb. Sanki real vəziyyəti söyləyərkən tərəf tutmuş kimi ittihamlar və təhqirlərlə qarşılaşmaq məcburiyyətində qalırsan. Bəzi vətəndaşlarımız Ukrayna müharibəsində reallığı görməzdən gəlir, Qərbin informasiya toruna rahatlıqla düşürlər.
Əvəzində mən və mənim kimi real vəziyyəti şərh edən şəxslər isə rusiyapərəst və ya yalan məlumat verən şəxs kimi ittihamlara məruz qalırlar. Əlbəttə, mən də bir çoxlarımız kimi Rusiyanın imperiya təfəkkürünün qurbanı olmuş ailənin üzvlərindən biriyəm. Elimiz, obamız, şəhərimiz erməniyə peşkəş edilib. Lakin bütün bunlar mövcud vəziyyəti görməzdən gələrək, cəmiyyətə yalan danışmağa əsas vermir.
Sonda bir məqamı da diqqətinizə çatdırmaq istəyirəm. Şərhçi, icmalçı və ya ekspert informasiya – xəbər verməməlidir. Şərhçi hadisənin baş vermə səbəbini, hazırkı vəziyyəti və bundan sonra olacaq ehtimallar üzərində icmalını qurmalı, özünü jurnalist kimi aparmamalıdır.
Zaman bütün daşları öz yerinə qoyandır!
Ramil Məmmədli
Hərbi ekspert