Rusiya prezidenti Vladimir Putinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov bəyan edib ki, Ədliyyə Nazirliyi və Xarici İşlər Nazirliyi Kremlə Taliban hərəkatının ölkədə qadağan olunmuş terror təşkilatları siyahısından çıxarılmasını təklif edib.
Elchi.az xəbər verir ki, Kabulov paytaxt Moskvada Əfqanıstanla bağlı jurnalistlərə açıqlama verib.
Rusiya Xarici İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Talibanın terror təşkilatı statusunun qaldırılması ilə bağlı işləri tamamladığını və işin nəticələrinin Kremlə çatdırıldığını bildirən Kabulov, “Biz buna müsbət baxırıq. Bu, Taliban administrasiyasının tanınması üçün lazım olan bir prosesdir, buna görə də bütün məsələlər qiymətləndirilir.” – deyib.
Putinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Kabulov 2022-ci ildə Əfqanıstanda Taliban müvəqqəti hökumətinin tanınması ehtimalının olduğunu bildirmişdi.
Rusiya 2003-cü ildə Talibanı qadağan olunmuş terror təşkilatları siyahısına daxil edib.
Nuranə Məmmədova