image-rus-sulhmeramlibackend

Rusiya  Qarabağdan sülhməramlıları çıxarır – DETALLAR

Rusiya-Ukrayna müharibəsi fonunda martın 24-dən etibarən Ağdam-Xocalı istiqamətində baş verənlər regionda və dünyada kifayət qədər ciddi proseslərin getdiyindən xəbər verir. Şərqi Avropada vəziyyətin olduqca acınacaqlı hal aldığı bir vaxtda Qafqaz uğrunda geosiyasi maraqlar daha açıq toqquşmalara şahid olmağımıza şərait yarada bilər.

Hadisələrin axarı deməyə əsas verir ki, bir çox qüvvələr Azərbaycan ilə Ermənistan arasında sülhün bərqərar olmasındansa, ziddiyyətlərin, savaşın, gərginliyin qalmasının tərəfdarıdırlar. 10 noyabr üçtərəfli bəyanatının imzalanmasından az qala il yarım keçməsinə, bu günə kimi Ermənistanın üzərinə düşən öhdəliyi icra etməkdən yayınmağa çalışdığına baxmayaraq, sənəddə üçüncü tərəf kimi rəsmi iştirak hüququ qazanan rəsmi Moskvanın indiyə qədər İrəvanı buna məcbur etməməsi deyilənlərin əyani təsdiqidir.

Rusiyanın proseslərə müdaxilə imkanının yüksək olmasına baxmayaraq Ermənistana manipulyasiya imkanı yaratması, Qarabağda sülhməramlı kontingentin müvəqqəti nəzarətində olan ərazilərimizdə hələ də mövcud olan qanunsuz erməni silahlı birləşmələrinin, separatçı rejim qalıqlarının manevr imkanlarını genişləndirməklə Azərbaycanın mövqelərini mütəmadi atəşə tutaraq təxribat cəhdləri etməsinə imkan yaratmaqdan başqa bir şey deyil.

Bunun nəticəsidir ki, son günlər Ağdam-Xocalı istiqamətində baş verənlər Azərbaycanla Rusiya arasında ciddi gərginliyin yaranması ilə nəticələndi. Xəbər verildiyi kimi, Azərbaycan ordusunun bölmələri güc tətbiq etmədən, Rusiya sülhməramlıları ilə əlaqəli şəkildə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Əsgəran inzibati rayonuna aid olan, hazırda isə Xocalı inzibati rayonunun tərkibindəki Fərrux kəndini nəzarətə götürdü, ardınca həmin kəndin üzərindəki Daşbaşı strateji yüksəkliyində möhkəmlənməyi bacardı.

Rusiya sülhməramlılarının nəzarətindəki ərazilərdə hələ də fəaliyyətini davam etdirən qanunsuz erməni silahlı dəstələri buna mane olmağa çalışıblar və bir neçə dəfə diversiya həmləsi ediblər, lakin Azərbaycan Müdafiə Nazirliyinin açıqlamalarında deyildiyi kimi, heç bir nəticə əldə edə bilməyərək geri oturdublar.

Ötən gün Rusiya Müdafiə Nazirliyi bütün bu baş verənlər haqda Bakını hiddətləndirən bəyanat yayması ilə diqqət çəkib. Rusiya müdafiə nazirliyi kontingentinin bu zamana kimi icra etmədiyi 10 noyabr bəyanatının 4-cü bəndini (Rusiya sülhməramlılarının yerləşdirilməsi erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılması ilə paralel həyata keçirilməliydi – red) Azərbaycan Ordusunun yerinə yetirməsi görünür rəsmi Moskvanın ürəyincə olmayıb. Orada Azərbaycan ordusunun bölmələrinin “Rusiya sülhməramlılarının məsuliyyət zonasına daxil olması”, “Dağlıq Qarabağın silahlı dəstələrinə qarşı” “Bayraktar TB2” döyüş pilotsuz təyyarəsindən 4 zərbənin endirilməsi, Azərbaycan tərəfinin “2020-ci il 10 noyabr üçtərəfli bəyanatının şərtlərini pozması” kimi “müddəalar” yer alırdı.

Elə bu səbəbdən də Rusiya MN qəsdən yenə “Dağlıq Qarabağ” və “Dağlıq Qarabağ Respublikası” ifadələrini işlətməsi “müttəfiqimiz”in bizə xox gəlməyə çalışmaq cəhdi idi. Lakin Azərbaycan Müdafiə Nazirliyi Rusiya tərəfinin bu bəyanatına kifayət qədər sərt cavab verməklə yanaşı,10 noyabr razılaşmasını pozan tərəfin əslində qanunsuz silahlı birləşmələri hələ də Azərbaycan ərazilərindən çıxarmamaqla Ermənistan olduğunu, Rusiya sülhməramlılarının isə buna şərait yaratdığını bildirməsi Moskvaya tərs sillə effekti verdi. Görünür Rusiya bu cür təxribatyönlü bəyanatlarla Azərbaycanın gözünü qorxudub, geri addım atacağını düşünürdü. Amma rəsmi Bakının ortaya qoyduğu iradə və qətiyyət Azərbaycanın məqsədindən dönməyəcəyini göstərdi. Moskva da anladı ki, bu cür təxribatlarla Azərbaycanı ancaq özünə qarşı qaldıra bilər, rəsmi Bakını digər alternativ variantları gözdən keçirməyə vadar qoya bilər. Bu səbəbdən də Rusiya MN-nin saytındakı Azərbaycanın ərazi bütövlüyünə təhdid xarakterli sözügedən ifadələr bəyanatqarışıq heç 24 saat tamam olmamış yerli-dibli silindi.

Qarabağdakı bu son proseslər bir daha göstərdi ki, Azərbaycan ordusu 44 günlük Vətən Müharibəsində olduğu kimi, bundan sonra da, BMT tərəfindən tanınan öz ərazilərində lazımı addımları atacaq. Əgər ki, Rusiya da sülhməramlı kontingent timsalında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilmirsə Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini necə, hansı yolla qorumağı yaxşı bilir. Qarabağda yarımçıq qalan işlərimizi şanlı ordumuz özü həll edirsə, Rusiya “sülhməramlılarının” Azərbaycan ərazisindəki missiyasını bitmiş hesab etmək olar. Görünür elə Moskvada da belə düşünürlər…

Sülhməramlıların Qarabağdan çıxdığını əks etdirən kadrlar bu son günlərdə nə birincidir, nə də sonuncu olacaq kimi görünür. O da görünür ki, Rusiya artıq Ukrayna müharibəsinin uzanmasından irəli gələrək ciddi hərbi texnika, canlı qüvvə ehtiyatına ehtiyacı artır. Moskvanın Qarabağdan kontingentini çıxartması məsələsi Rusiya üçün taleyüklü bir məqam kimi görünür.

Kreml onu da anlayır ki, Bakı onsuz da Qərbin (Minsk Qrupunun həmsədrləri ABŞ və Fransa timsalında) Qarabağ məsələsindəki geridə qalan 30 il ərzində nümayiş etdirdiyi movqedən məmnun qalmadı, indi də onlara bölgədəki proseslərdə istirak hüququ vermək arzusunda deyil. O səbəbdən də Bakıya etibar edib, onun kimi bir müttəfiqi itirmək qorxusu ilə üzləşməmək üçün Ukrayna ilə savaşa daha çox diqqət ayırmaq Rusiyanın regiondakı varlığını, toxunulmazlığını təmin etmək nöqteyi nəzərdən daha faydalıdır. Bu səbəbdən də Rusiyada da artıq Qarabağı əsl sahibinin nəzarətinə keçməsinin onlar üçün də ən doğru variant olduğunu düşünürlər.

Qarabağın erməni əhalisinin əksəriyyəti də xoş güzaran görmək üçün Azərbaycan vətəndaşlığını qəbul etməkdən başqa seçimlərinin qalmadığı qənaətindədirlər. Bunu mən yox, bunu elə qondarma rejimin Milli Assambleyasının sədri Artur Tovmasyan bildirib. O qeyd edib ki, son günlər kimlərsə Xankəndində aranı qarışdırmaqla məşğuldur. Azərbaycan ordusunun bir neçə yüksəkliyə nəzarəti əla alması vəziyyəti daha da gərginləşdirib:

“Vəziyyət Xankəndində nəzarətdən çıxır. Kimlərləsə burada Azərbaycan sevgisi aşıladır və bildirirlər ki, Azərbaycanın tələblərini qəbul etsək yaxşı yaşayacaqsınız. Bu daxildə çevriliş etmək istəyənlərin planıdır. Azərbaycan insanların fikrini təbliğat vasitəsi ilə dəyişdirir. Bu isə qarşısıalınmaz bir situasiya yaradıb. Xankəndində mitinq edənlər Azərbaycana xidmət edənlərdir. Bəli Xankəndində Azərbaycan tərəfdarları mitinq edir. Amma biz onlara sözümüzü demişik: Azərbaycanı istəyənlər Xankəndini tərk edə bilər”.

Deyilənlərə inansaq, ermənilər artıq anlamağa balayıblar Qarabağın “qızıl açarı” (Fərrux kəndi vacib strateji nöqtədə yerləşir. Vaxtilə cəllad Zori Balayan Fərruxu Qarabağın qızıl açarı adlandırırdı – red) sahibinə qayıtdığı kimi sülhməramlı kontingentin müvəqqəti nəzarət zonasındakı separatçı rejim qalıqlarının yaşadığı digər ərazilər də gec ya tez əsl sahibinə qayıdacaq, Azərbaycan dövlət, xalqı və ordusu bir qarış torpağını da heç kimə vermək, bağışlamaq fikrində deyil.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki