Dövlət Duması və Federasiya Şurası Rusiyanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) işində iştirakının dayandırılması ilə bağlı bəyanat qəbul edib .
Elchi.az “Lenta.ru” ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, Dövlət Dumasının deputatı Pyotr Tolstoy Telegram kanalında məlumat verib.
İyunun 28-də Rusiya nümayəndə heyətinin ATƏT PA-dakı işinin dayandırılması ilə bağlı bəyanat layihəsi Dövlət Dumasına təqdim edilib . Deputatlar qərarı Moskvanın Assambleyaya və onun üzvlərinə bərabər dialoqa qayıtmaq çağırışlarının anlaşılmaz qalması ilə izah ediblər. Eyni zamanda, xəbər verildiyi kimi, Rusiya “rəhbərliyi və bir sıra üzv dövlətlər tərəfindən rusofob və ayrı-seçkilik yanaşmalarına yenidən baxılacağı halda” assambleyada işə qayıtmaq imkanını nəzərdən keçirməyə hazırdır.
Bundan əvvəl Dövlət Dumasının spikeri Vyaçeslav Volodin ATƏT PA haqqında danışarkən bildirmişdi ki, Rusiya “parlament strukturları ilə heç bir əlaqəsi olmayan kovensiyanı” maliyyələşdirməyəcək. Rusiyanın ATƏT PA-da iştirakının dayandırılmasını Federasiya Şurasının sədri Valentina Matvienko da dəstəkləyib .
Nuranə Məmmədova