Rusiya Silahlı Qüvvələri Ukraynada 11 tank taboru, 34 zirehli döyüş maşını taboru, 5 reaktiv atəş sistemi diviziyası, 17 artilleriya diviziyası, təxminən 5 təyyarə alayı və 5 helikopter alayı itirib.
UNIAN xəbər verir ki, bunu Ukrayna prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib. Onun sözlərinə görə, rəqib Ukrayna ərazisində hücum imkanını itirib: “O taktiki gedişlər edir. Ehtiyat qüvvələrini cəmləşdirməsi çətinləşib. Bizim raket qoşunumuz, artilleriya və aviasiyamız onlara dağıdıcı zərbə endirir. Biz Rusiyanın 3 həmlə qoşununu və 1 aviasiya qoşununu məhv etmişik. Rusiya 10 qoşunundan 4-ünü itirib”.
***
Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin yeni sayı məlum olub. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbukda məlumat yayıb.
Bildirilib ki, indiyədək 15 000-ə yaxın hərbçi zərərsizləşdirilib.
Bundan başqa, hücum edən tərəfin 498 ədəd tankı, 1535 ədəd zirehli döyüş maşını, 240 ədəd artilleriya sistemi, 45 ədəd havadan müdafiə sistemi, 97 ədəd hərbi təyyarəsi, 121 ədəd helikopteri, 969 ədəd nəqliyyat vasitəsi, 3 ədəd gəmi/kater, 60 ədəd yanacaq çəni, 24 ədəd dronu məhv edilib.
“Məlumatlar daha dəqiq olur. Hesablama hərbi əməliyyatların yüksək intensivliyi ilə çətinləşir”, – məlumatda vurğulanıb.
***
“Ukrayna ordusunun Hava Hücumundan Müdafiə Qüvvələri son sutkada Rusiyanın 7 hava hədəfini – 1 qırıcısını, 4 PUA-sını və 2 qanadlı raketini məhv edib”.
Məlumatı Ukrayna Müdafiə Nazirliyi feysbuk səhifəsində yayıb.
“Ukrayna ordusunun bombardmançı və hücum aviasiyası düşmənin texnikası və canlı qüvvələrinə dağıdıcı zərbə endirib. Təcavüzkar müvəqqəti işğal altında olan ərazilərdə yerli əhaliyə qarşı terror və talanları davam etdirir. Onlar məişət və avtomobil texnikalarını, ərzaq və başqa malları Rusiyaya daşıyırlar. Təcavüzkar müvəqqəti işğal olunmuş Donetsk və Luqansk vilayətlərində məcburi səfərbərlik tədbirlərini həyata keçirməkdə davam edir. Ukrayna Silahlı Qüvvələri müdafiə qüvvələrinin digər komponentləri ilə əməkdaşlıq edərək bütün istiqamətlərdə işğalçıya layiqli cavab verir. Düşmənin təchizat karvanlarının dağıdılması da davam edir”, – nazirlikdən vurğulanıb.
İşğalçı rus ordusu isə yenə dinc əhalini atəşə tutmaqda davam edir. Ukraynanın paytaxt Kiyevin Podolski rayonunda Rusiya silahlılarının ticarət mərkəzini atəşə tutması nəticəsində 4 nəfər həlak olub, 1 nəfər yaralanıb.
Bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin Kiyev şəhəri üzrə Baş İdarəsi məlumat yayıb.
Eyni zamanda ticarət mərkəzinin dayanacağında və 3-4-cü mərtəbəsində avtomobillər yanıb.
Gecə saatlarında yanğınsöndürənlər tərəfindən ümumi sahəsi 1500 kvadratmetr olan yanğın lokallaşdırılıb. Hadisə yerinə 11 yanğınsöndürmə texnikası və 63 canlı qüvvə cəlb olunub.
Bu arada Rus əsgərlərinin dəbilqəsi Ukrayna müdafiəçilərin gülüşünə və təəccübünə səbəb olub. “Deyəsən, taktiki, hərbi dəbilqədir, necə lazımdır. O, 50-ci ilin konserv bankası! Dünyanın ikinci ordusu!”, – Youtube-da yayılan videoda deyilir.
Rusiyanın rəsmi mənbələri göstərir ki, Rusiya ordusunda istifadə edilən AZSH-2 aramid qoruyucu dəbilqə başı odlu silah və qəlpələrdən qorumaq üçün nəzərdə tutulub. “Alpha-2” qoruyucu dəbilqə GOST R 50744-95 tələblərinə, texniki şərtlərə və müəyyən edilmiş qaydada təsdiq edilmiş etalon nümunəyə uyğundur.

Bu il fevralın 24-dən Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlar nəticəsində 902 dinc sakin həlak olub.
Bu barədə BMT-nin İnsan hüquqları üzrə ali komissarının hesabatında deyilir. BMT hərbi əməliyyatlar nəticəsində daha 1459 nəfərin yaralandığını açıqlayıb.
Kiyev, Çerkassk, Çerniqov, Xarkov, Xerson, Nikolayevsk, Odessa, Sumı, Zaporojye, Dnepropetrovsk və Jitomir vilayətlərində ümumilikdə 1369 nəfərin zərər çəkdyi bildirilir. Onlardan 654 nəfəri ölüb.
Qeyd edilir ki, hərbi əməliyyatlar zamanə daha 140 azyaşlı yaralanıb.
Rusiya ordusunun hücumları nəticəsində Ukraynanın ümumilikdə 489 təhsil müəssisəsinə zərər vurulub, onlardan 69-u tamamilə məhv edilib.
Bu arada Ukrayna ordusu Rusiya silahlı qüvvələrinin heyətində bu ölkəyə qarşı döyüşən erməni hərbçiləri məhv edib. Məlumata görə, onlardan biri desantçı, 29 yaşlı Arman Kazaryandır. Ermənistanın diaspor fəallarından biri Ukraynadakı müharibə zamanı daha bir ermənini öldürüldüyünü xəbər veriblər. Lakin həmin şəxsin adı açıqlanmır.

Xatırladaq Rusiya fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb. Hərbi əməliyyatlar zamanı hər iki tərəfdən xeyli insan həlak olub. Müharibə Ukraynanın infrastrukturuna külli miqdarda ziyan vurub, ölkənin minlərlə dinc sakini həlak olub və ya yaralanıb. Eyni zamanda milyonlarla mülki şəxs ölkəni tərk etmək məcburiyyəti ilə üzləşib.