Hazırda bütün dünyanın diqqəti Ukraynadadır, Moskva və Kiyev arasındakı gərginlik indi özünün ən odlu, qaynar dövrünü yaşayır. Fevralın 24-dən başlayan müharibədə hər iki tərəfin ciddi itkilərlə üzləşdiyi vurğulanır.
Hətta qaynar münaqişənin daha fəlakətli duruma – nüvə savaşına qədər uzanacağını təxmin edənlər də az deyil. Bəs, bu müharibənin qalib tərəfi kim olacaq? Yeni dünya düzəni nələri dəyişəcək?
Hazırda bu müharibə fonunda Azərbaycan ictimaiyyətini bir nüans ciddi şəkildə düşündürür: İndiki halda bu müharibə 10 noyabr 2020-ci ildə imzalanan və Ermənistanın kapitulyasiyası ilə başa çatan üçtərəfli bəyannamənin icrasını gecikdirə, yoxsa tezləşdirə bilər? Ukrayna-Rusiya gərginliyindən sonra təxribatlarını ard-arda sıralayan Qarabağın dağlıq hissəsindəki ermənilərə qarşı anti-terror əməliyyatları gerçəkləşdirilə bilərmi?
Politoloq Qabil Hüseynli Publika.az-a müsahibəsində bu istiqamətdəki suallarımızı cavablandırmağa çalışıb.
Müsahibəni təqdim edirik:
– Qabil müəllim, Ukrayna-Rusiya gərginliyi fonunda Zəngəzur dəhlizinin reallaşdırılmasını daha da sürətləndirmək, Qarabağın dağlıq hissəsində təxribatlara ara verməyən separatçılara qarşı həlledici anti-terror əməliyyatları həyata keçirmək, eləcə də 10 noyabr müddəalarından irəli gələn digər müddəaların icrasını gerçəkləşdirmək mümkündürmü?
– Bəli, prinsip etibarı ilə Rusiyanın başının ciddi qarışdığı bir vaxtda və hadisələrin inkişaf dinamikasına uyğun bir formada bu məsələni həyata keçirmək mümkündür. Amma bu, bir qədər risklidir. Dünya birliyi, eləcə də digər ictimai-siyasi qüvvələr göründüyü kimi davranmaya bilər. Hətta dünyada baş verən gərginliklər fonunda Çin də Tayvanı götürmək istəyir. Belə informasiyalar dolaşmaqdadır. Hətta Çin hərbi hava qüvvələrinə məxsus təyyarələr Tayvan üzərində təhlükəli uçuşlar gerçəkləşdirdi. Amma bundan artığını etməyə Çin də çəkinir. Mənə elə gəlir ki, biz sualınızla bağlı məsələni tam aktuallaşdıra bilməmişik. Xüsusilə Azərbaycanın Rusiya ilə bağladığı müqavilə fonunda bölgədə gərginlik yarada biləcək addımlar atmaq risklidir. Üstəlik, Qarabağa müvəqqəti yerləşdirilmiş rusiyalı sülhməramlılar amilini də nəzərə almalıyıq. Onlarla gərginliyə səbəb olacaq addımlar daha fərqli nəticələr ortaya çıxara bilər. Prinsip etibarı ilə beynəlxalq əlaqələr, regiondakı münasibətlər müəyyən əlverişli şərait yaradır. Baş verən hadisələr fonunda bu regionda vəziyyətin gərginləşməsi dünya tərəfindən birmənalı qiymətləndirilə bilməz. Zənnimcə, indiki zamanda bu cür addımlar atmağımız namünasibdir. Qarabağda anti-terror əməliyyatlarına başlamaq hazırda həddən artıq böyük hay-küyə səbəb ola bilər. Hətta bu fonda müxtəlif fərziyyələrin, düşüncələrin formalaşması mümkündür. Bir sözlə, biz bu məsələni həyata keçirməyə hazır olsaq da, bölgə və dünya ictimai rəyi bunu qavramağa hazır deyil.
– Bəs, Rusiya-Ukrayna münaqişəsi, onun nəticələri 10 noyabr müddəalarından irəli gələn məsələlərin həllini gecikdirə bilərmi?
– Mənə belə gəlir ki, xeyr, gecikdirməyəcək. Əksinə, daha da aktuallaşdıracaq. Çünki bu dəfə regionda tamamilə başqa bir mənzərənin şahidi olacağıq. Ukrayna ilə toqquşmadan, müharibədən çıxmış Rusiya əvvəlki kimi bölgədə hakimi-mütləq kimi çıxış edə bilməyəcək və hadisələrə öz iradəsini diktə edə bilməyəcək. Biz o zaman Kremllə bağladığımız ittifaq müqaviləsini göz önünə gətirərək Rusiyadan tələb etməliyik ki, həmin üçtərəfli müqavilənin dördüncü maddəsinin yerinə yetirilməsini rus sülhməramlılarının qarşısına qoysun. Bir sözlə, bu məsələdə Rusiyanın iştirakı ilə nələrisə etmək mümkündür. Amma Qarabağda anti-terror əməliyyatlarına başlamağımızı heç cür ağlıma sığışdıra bilmirəm. Çünki hazırda bütün dünyanın kökləndiyi bir məsələ var; o da Ukrayna-Rusiya münasibətləri, xüsusilə Qərbin Rusiyaya artan təzyiqləridir. Bu fonda bizim Qarabağda anti-terror əməliyyatları aparmağımız ermənilər və onların havadarları tərəfindən müxtəlif formalarda yozula, hətta dünya ictimai rəyini əleyhimizə qaldıra bilər. İndiki məqamda buna getmək ölkəmizə xeyir gətirməz.
– Yeri gəlmişkən, Xocalı soyqırımının 30-cu ildönümündə hərbçilərimiz Xocalının bizdə olan kəndlərində azan verdilər. Eyni zamanda, elə həmin gün yeni səngərlər qazmaq istəyən erməni təxribatçılarına elə erməni dilində xəbərdarlıqlar edildi. Bunu necə qiymətləndirirsiniz?
– Bu nüansları çox müsbət qiymətləndirirəm. Eyni zamanda, bütün bunlar onu göstərir ki, Azərbaycan artıq proseslərə müdaxilə etməyə başlayıb. Bu, proseslərdə qarşı tərəfin etdiklərinin nə qədər təhlükəli olduğunu onlara xatırladır. Bu, bir çağırışdır. Bu, həm də strateji məsələdir. Onun həyata keçirilməsi üçün müəyyən idoloji-siyasi hərəkətlərin də öncədən reallaşdırılması tələb olunur. Bu fonda erməni separatçılarına müraciət, onların bir sıra məsələlərdən çəkinmələrinə çağırış da kifayət qədər diqqət cəlb edən bir nüansdır.
– Qayıdaq Ukraynada baş verənlərə; Qərb mediası Rusiyanın nüvə silahından istifadə məsələsini gündəmə gətirir. Bu, baş verə bilərmi?
– Yox, bunu mümkünsüz sayıram. Bu, Rusiyanın Qərbə qarşı növbəti təzyiqi və şantajıdır. Əgər belə bir avantüraya əl atılsa, dünyanın taleyi üçün də çox təhlükəli olacaq. Amma bu, ilk növbədə rusların özü üçün təhlükəli ola bilər. Belə hesab edirəm ki, Rusiya nüvə silahından istifadə etmək məsələsində öz üstünlüyünü həddindən artıq şişirdir. Qarşı tərəfin bu sahədəki imkanlarını isə ümumiyyətlə nəzərə almır. Əgər doğrudan da nüvə müharibəsi başlayarsa, düşünürəm ki, Rusiyanın bu məsələdə uğur qazanmaq şansı çox aşağı səviyyədədir. Çünki Amerika, eləcə də NATO müharibə zamanı ballistik raketlərdən, nüvə daşıyan digər vasitələrdən qorunmaq üçün həm texnoloji, həm də digər parametrlərə görə daha üstün səviyyədədir. Gəlin, təsəvvür edək; vaxtilə “nüvə qalxanı” ideyası reallaşdırılanda hələ ABŞ prezidenti Ronald Reyqanın dövrü idi. Bu prosesə “ulduzlar müharibəsi” adı verilmişdi. O zaman da göstərilirdi ki, yeni dünya müharibəsi başlayarsa, bu müharibənin taleyi yerdə yox, səmada gerçəkləşəcək, həll olunacaq. Həmin dövrdən ABŞ keçmiş SSRİ-nin, indiki Rusiyanın potensialına qarşı xüsusi “müdafiə qalxanı” qurub. Hətta Rusiya da bu barədə məlumatlıdır. Rusiyanın ballistik raketlərinin nəzərdə tutulan hədəfə çatdırılması məsələsi kifayət qədər ciddi müqavimətlə yekunlaşa bilər. Hətta onun uğursuzluqla nəticələnməsi mümkündür.
– Səbəbi nədir?
– Çünki hazırda Amerikanın havada həddindən çox lazer silahları ilə silahlanmış süni peykləri var. Həmin süni peyklər Rusiyanın üzərində şimal qonşumuzun malik olduğu nüvə silahlarının keşiyini çəkir. Lazım olan məqamda həmin nüvə raketlərini yerindəcə məhv etmək üçün onun startından və havaya qalxmasından cəmi 2 dəqiqə sonra onun elə Rusiya üzərində məhv edilməsindən ibarət texnoloji yeniliyi artıq ABŞ çoxdan qurub. Bu mənada mən inanmıram ki, Rusiyanın ballistik raketləri Amerikanın şəhərlərinə gedib çata bilər. Üstəlik, Rusiya nüvə silahından istifadə etməklə bağlı yeni bir strategiyanın üzərində düşünürsə, bunu aləmə car çəkirsə, mənə elə gəlir ki, ABŞ bu məsələdə daha da həssaslaşıb. Nüvə müharibəsi məsələsində ilk zərbə amili var. Bu, onun nəticələri ilə bağlıdır. Bu da o deməkdir ki, ilk zərbəni Birləşmiş Ştatlar endirə bilər. Həmin ilk zərbə nəticəsində Rusiyanın böyük şəhərləri, Moskva və Sankt-Peterburq çox qısa bir müddətdə – cəmi bir neçə dəqiqə ərzində yer üzərindən silinə biər. Amerikanın bu cür texniki imkanları var. Üstəlik, qabaqcadan xəbərdarlıq etmə sistemi çox mükəmməldir. Rusiya nüvə atılması əmrini verib onun icrasına başlayan zaman Amerikanın həm hücum silahları, həm də müdafiə qalxanı avtomatik olaraq işə düşəcək. Demək olar ki, Rusiya Amerikaya tərəf 100 ədəd ballistik raket atsa, onlardan bəlkə də yalnız biri “nüvə qalxanı”nın arasından sızıb ABŞ şəhərlərinə çata bilər. Bu da çox az ehtimaldır. Əvəzində isə biz Rusiyanın əsas inkişaf etmiş şəhərlərinin yer üzündən silinməsinin şahidi ola bilərik. Adıçəkilən məsələdə də Rusiya ilə Qərb-NATO qeyri-bərabər səviyyədədir. İndi nüvə müharibəsində hədəf kimi haranın götürülməsi də əhəmiyyətlidir. Hədəf kimi Avropanın götürülməsi də mümkündür. Bu zaman tərəflər ortamənzilli nüvə raketlərindən istifadə edə bilərlər. Amma ABŞ da öz müttəfiqlərinə qarşı yönəlmiş bu proseslərə seyrçi qalmayacaq. Hətta cavab tədbiri görməsi də mümkündür. Düşünürəm ki, nüvə silahından istifadə etmək divanəlik, dəlilik əlamətidir. Hətta buna əmr verən şəxsin özü ciddi şəkildə cəzalandırıla bilər. İstənilən halda nüvə fəlakəti bəşəri fəlakətdir. Bütün millətlərin, xalqların taleyinə təsir edə biləcək bir addımdır. Planetimiz üçün də təhlükəli addımdır. Fikrimcə, nüvə müharibəsindən qalib kimi çıxmaq mümkün deyil. Amma Rusiyanın nüvə savaşı ilə hansısa üstünlük qazana bilməsinin özü də bir xülyadır. Qətiyyən həqiqətə uyğun deyil.