image-komando_xtqqbackend

Paşinyana MESAJ: Qarabağdan əl çəkməsəniz, Zəngəzurdan İrəvana kimi …

Azərbaycan bu gün Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı ilə ən yeni tarixinin başlanğıcına qədəm qoydu. Məhz V Qurultayın paytaxtdan çox uzaq olsa da, ruhunu hələ 28 illik işğalı dövründə iliyimizə qədər hiss etdiyimiz Şuşada təşkili böyük tarixi hadisədir.

Belə ki, Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı Prezident İlham Əliyevin də qeyd etdiyi kimi həm də Zəfər Qurultayı kimi tarixə düşdü. 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirak etdiyi bu qurultay maraqlı məqamları ilə diqqət çəkdi. Bu məqamların başında isə Azərbaycan liderinin çıxışı zamanı lazımı ünvanlara mesajlar yollaması oldu. Bu barədə biraz sonra…

Qurultayın Şuşada təşkili şübhəsiz ki, işğaldan azad edilən ərazilərin əsl sahibinə qayıtdığını dünya miqyasında elan etmək üçün əvəzsiz fürsətdir və dövlət başçısı da bunun çox yaxşı fərqindədir. Qarabağın erməni işğalından azad edilməsindən sonra ilk böyük görüş olan bu qurultay xaricdə yaşayan soydaşlarımızın, təşkilatların koordinasiyalı fəaliyyəti, milli həmrəylik və birlik ideyasının reallaşdırılması baxımından birgə addımlamaq, Azərbaycana qarşı qarayaxma kompaniyalarına anında reaksiya vermək, ölkə həqiqətlərinin beynəlxalq aləmə çatdırılmasında, milli maraqların qorunması işində səmərəli fəaliyyət göstərmək, ümumilikdə informasiya savaşında düşməni üstələmək baxımından olduqca böyük əhəmiyyət kəsb edir.

44 günlük Vətən müharibəsi ilə yeni reallıq yaradan Azərbaycan qonşu dövlətlərlə sülh şəraitində, birgə əməkdaşlıq prinsipi ilə iqtisadi imkanların artırılması üçün bütün dövlətlərə eyni meydan vermək iqtidarındadır. Regionun yeni reallığı olan sülh gündəliyi də artıq rəsmi Bakı tərəfindən İrəvana təqdim edilib və 5 maddədən ibarət olan prinsiplərlə bağlı artıq Brüssel görüşündə Ermənistan baş nazirinin razılığı alınıb. Bu məsələdə Avropa İttifaqınında son fəallığını qeyd etmək yerinə düşər. Qərb də anlayır ki, İrəvan üçün hazırki reallıq daxilində bundan məqbul variant ola bilməz, əgər Ermənistan və erməni xalqı gələcəyə doğru baxmaq istəyirsə, bu fürsəti dəyərləndirməlidir.

Müharibə dövründə Azərbaycana qarşı informasiya blokadasının qarşısının alınmasında böyük fədakarlıq, qətiyyət gstərən Azərbaycan Prezidenti bu gün Şuşada gerçəkləşən Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı da Ermənistan rəhbərliyinə və onun havadarlarına çox önəmli mesajlar verdi.

Dövlət başçısının bu günkü çıxışının əsasən üç istiqaməti var idi:

I. Ermənistandakı mövcud iqtidar
II. Revanşist qüvvələr
III. Revanşist qüvvələri regionda sülhə təhdid yaratmaq məqsədilə təxribatyönlü bəyanatlar, addımlar atmağa sövq edən, onlara himayədarlıq edən xarici qüvvələr
Qurultay iştirakçıları önündə “Biz faşizmi məhv etdik, Cənubi Qafqazı faşizmdən xilas etdik. Ancaq hələ də faşizmin təzahürləri baş qaldırır, hələ də Ermənistanda bəzi dairələr, xarici ölkələrdə yaşayan ermənilər bizi hədələməyə çalışırlar. Amma İkinci Qarabağ müharibəsinin tarixçəsi onların yadından çıxmamalıdır. Bu gün Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər. Biz hər an erməni faşizmini,- əgər bir daha baş qaldırsa, – əzməyə hazır olmalıyıq və hazırıq. Ermənistan bunu yaxşı bilir, yaxşı başa düşür və heç vaxt bunu unutmamalıdır”, – deyən dövlət başçısı bu xəbərdarlığı ilə əslində hər üç hədəfi nişan aldı.

Onun bu açıqlaması deməyə əsas verir ki, hazırki Ermənistan hakimiyyəti Azərbaycanın şərtlərini qəbul edib, sülh sazişi imzalamaq üçün müsbət cavab verib. Lakin Ermənistanda keçmiş “Qarabağ klanı” və digər revanşist qüvvələr, eləcə də onları dəstəkləyən bəzi dairələr hələ də Azərbaycana qarşı ərazi iddiasından əl çəkmirlər. Prezident burada İkinci Qarabağ müharibəsinin Ermənistan üçün acı nəticəsini isə xatırlatmaqla erməni baş nazirə bəyan etmiş olur ki, “sənə kim(lər)in təzyiq etməsinin bizim üçün heç bir önəmi yoxdur. Verdiyiniz sözün, atdığınız imzanın arxasında dayanın, əks təqdirdə gözünüzün yaşına baxmayacağıq”.

Prezident İlham Əliyev çıxışı zamanı erməni revanşistlərinə xəbərdarlıq edərək onu da qeyd edib ki, bu sülh müqaviləsi təklifi onlara verilən son şansdır. Baxmayaraq ki, Azərbaycan Ordusu Ermənistan ordusunu diz çökdürdü, amma boynunu vurmadı. Sülh Ermənistanın vurulmayan boynudur. Ermənistanın istər üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəlikllərdən, istərsə də Brüssel görünün hər iki raundunda əldə edilən razılıqlardan imtinası sülhdən yayınma, yenə ərazi iddiası, yenə Azərbaycanən ərazi bütövlüyünə təhdid yaratmaq cəhdi kimi qiymətləndiriləcək. Rəsmi İrəvan bu sifarişi kimdən, hansı dövlət və ya təşkilatdan almasından asılı olmayaraq Azərbaycan bu dəfə Ermənistanın 44 günlük müharibədən fərqli olaraq daha heç bir zarıltısına, iniltisinə məhəl qoymayaraq səsini yerli-dibli batırana qədər silahı yerə qoymayacaq.

Prezidentin qurultay iştirakçıları önündə yenidən Zəngəzurun və İrəvanın tarixi Azərbaycan əraziləri olduğunu faktlarla xatırlatmaqla, Ermənistanda hələ də mövcud olan revanşist qüvvələr və hazırki hərbi-siyasi rəhbərliyinə başa salmaq istədi ki, “Unutmayın, hazırda yaşadığınız Ermənistanın böyük bir hissəsi Azərbaycanın tarixi əraziləridir. Əgər Azərbaycana qarşı ərazi iddanızdan əl çəkməsəniz, yenə də Şuşa, Hadrut və digər işğaldan azad edilən ərazilərin yenidən zəbti barədə planlarını çək-çevir etməkdə davam etsəniz, o zaman Azərbaycanı daha böyük iddialarla qarşısınzda görəcəyinizi istisna etmirəm”.

Prezident İlham Əliyevin Qurultaydakı bir nitqi isə xüsusi diqqət çəkdi. Ölkə başçısının dediyi “Biz təkcə Ermənistanla müharibə aparmamışıq. Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə Qələbə qazanmışıq. Ona görə bu Qələbənin tarixi əhəmiyyəti daha böyükdür. Biz sübut etmişik ki, ölümə getməyə hazırıq, öldü var, döndü yoxdur” sözlərinə əslində “qızım sənə deyirəm, gəlinim sən eşit” aforizimindən yola çıxsaq, o zaman Azərvbaycan Prezidentinin burada kimi nəzərdə tutduğu hava-su kimi aydındır.

Paytaxtdakı Qənimətlər Parkındakı silahların hara istehsalı olduğu, o silahların, hərbi texnikalarnın Ermənistana hansı ölkə(lər)dən, necə gətirildiyi hələ 44 günlük müharibənin gedişindən məlum idi. İlham Əliyev bu çıxışı ilə son günlər Rusiya tərəfindən Ermənistanın təhlükəsizliyi, onun silahlandırılması ilə bağlı bəyantlara, eləcə də “Qarabağın təhlükəsizliyinin Nikol Paşinyanla müzakirəsi” məsələsinə tutarlı cavab vermiş oldu.

Vətən müharibəsində ölümə getdiyini bilə-bilə gəncliyinin doğma yurd-yuvasını işğaldan azad etmək üçün yenə də sinəsini sipər edərək irəli atılıb qazandığı tarixi zəfərin mənəviyyat, milli ruh, vətənpərvərliklə bağlı olduğunu, bunun Azərbaycan xalqı, onun hər bir övladı üçün müqəddəs bir vəzifə olduğunu nəzərə çatdıran ölkə başçısı, bununla heç bir qüvvənin biləyimizi bükməyə gücünün yetməyəcəyi mesajını verməklə Moskvanı yenidən Ermənistana işğalçılıq meyillərini artıracaq ifadələr işlətməkdən çəkindirməyə çalışıb.

Onun bu çıxışı zamanı “Biz sübut etmişik ki, ölümə getməyə hazırıq, öldü var, döndü yoxdur” ifadəsi Ermənistana, havadarlara və himayədarlarının bir-iki dəstək mesajından ekstaza düşən revanşist qüvvələrə yönəlmiş bir bəyanatdır. Bununla dövlət başçısı həmin qüvvələri xəbərdar edir ki, “bizim gözümüzü heç bir savaş qorxuda bilməz, biz ölümdən qorxan millət deyilik. Yenə ərazi bütövlüyümüzə qarşı təhdid olarsa, yenə revanş barədə düşünərsinizsə, son damla qanımıza qədər savaşacağımızı da unutmayın”. Beləcə, Ali Baş Komandan növbəti dəfə düşmənçilik meyillərindən heç cürə əl çəkməyən, eləcə də erməni amilindən istifadə edərək poskonflikt mərhələsində də bölgədə gərginliyi saxlayıb, onun sülhlə əvəzlənməsindən narahat olan qüvvələrə ismarıc verdi ki, biz bütün prosesləri addımbaddım izləyirik və lazımı anda lazımı qərarı verəcəyimizdən şübhəniz olmasın.milli.az

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki