Akademik Zərifə Əliyeva adına lisey 2008-ci ildən fəaliyyət göstərir. Əvvəllər tam orta məktəb, sonralar isə lisey statusu almışdır. Liseydə yalnız yuxarı siniflər (9-10-11) təhsil alır.
Sizin diqqətinizə 14 ildir fəaliyyət göstərən bu təhsil ocağında şagirdlərimizin əldə etdiyi nailiyyətlərin bir hissəsini təqdim etmək istəyirəm:
– qızıl medal sayı -66
– gümüş medal sayı- 17
– Ali məktəblərə qəbul faizi 99-100 %
– Respublika Fənn Olimpiadalarında qazanılan medal sayı- 118
– Ali məktəblərə qəbul zamanı 600 -dən yuxarı bal toplayanların sayı- 548 nəfər
– 700 bal toplayan – 2 nəfər
– Xarici ali təhsil ocaqlarına daxil olanlar- 334 nəfər
-bunun üzərinə xarici olimpiadalarda yer tutan, müxtəlif beynəlxalq layihələrdə iştirak edən, “Sabahın alimləri” layihəsində qalib gələn və ya müxtəlif yerlər tutan onlarla şagirdi də gəlin…
…. və bütün bunlara cəmi 14 ildə nal olunub, cəmi 14 ildə. Razılaşaq ki, onilliklər boyunca fəaliyyət göstərən təhsil müəssisələrinin çoxunun həsəd aparacağı statistikalardır.
Liseyin məzunlarından 6 nəfər II Qarabağ müharibəsində iştirak edib, Namiq Quliyev isə qəhramancasına şəhid olub.
Hazırda bu liseyin yetirmələri müxtəlif dövlət strukturlarında, özəl sektorda uğurla fəaliyyət göstərməkdədirlər.
Güclü pedoqoji potensiala malik olan bu təhsil ocağının müəllimlərinin xeyli hisəssi müxtəlif fəxri adlara layiq görülüb. Onların sayını və aldıqları fəxri adları isə təvazökarlıqdan uzaq olar deyə sadalamıram.
Bir sözlə, Akademik Zərifə Əliyeva adına lisey ölkə təhsilinə qısa müddətdə böyük töhvələr verib və hazırda sözün həqiqi mənasında ətrafa işıq saçan təhsil ocaqlarından biridir.
-Bunları niyə yazıram?
-Bəzi xəbər saytları və sosial şəbəkələrdə “8 mart Beynəlxalq Qadınlar Günü” münasibətilə liseydə çalışan xanımlarının iştirakı ilə keçirilən tədbirdən kadrlar paylaşılıb.
Deməli, xanımlar liseydən kənarda , qapalı məkanda və sırf xanım məclisində əylənib, səhnəciklər təşkil ediblər. Onlardan biri də bunu videoya alıb. Ya zəlzələdən, ya vəlvələdən bu kadrlar bəzi fürsətcil şəxslərin əlinə keçib, onlar da gördükləri işin, etdikləri hərəkərin məsuliyyətini anlamadan videonu xəbər saytlarına ötürüblər.
Niyə “məsuliyyətini anlamadan” yazıram? Bu məsuliyyət yaradan insidentdir və bunu mən demirəm, Azərbaycan Respublikasının Konstitusiyası deyir:
Maddə 32.
II. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan
başqa şəxsi həyata müdaxilə etmək qadağandır.
III. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına,
istifadəsinə və yayılmasına yol verilmir.
İndi üzümü məlum videonu paylaşan şəxslərə və bəzi sayt rəhbərlərinə tuturam: nə etdiyinzin, nə iş tutduğunuzun fərqindəsinizmi?!
Yuxarıda sadalanan nailiyyətlərdə haqqında hədyanlar yazdığınız müəllimlərin rolu, yumşaq desəm az deyil. Hər üç müəlim, o cümlədən həvalədə olan direktor- lisey açılandan bu təhsil ocağında işləyirlər, hər gün auditoriyalara daxil olurlar, şagirdlərin önünə çıxırlar. Bu kadrları paylaşıb onların müəllim nüfuzuna necə zərbə vurduğunuzun da fərqindəsinizmi?
O xanımların içərisində ailəli olanlar, ərləri, məktəblərə gedən övladları olanlar var. Özünüzü onların yerinə qoya bilərsinizmi?
O ailə başçılarına cavab verməyə hazırsınızmı?!
Şərəf, ləyaqət bu qədərmi ucuzlaşıb?
Bəlkə əylənmək, istirahər etmək müəlimlərə qanunla qadağan edilib, xəbərimiz yoxdur?!
Hansısa məkrli niyyətlərdən ötrü bir iki müəllimi və məktəb rəhbərliyini hədəfə almaq, bütövlükdə həmin təhsil ocağının nüfuzuna zərbə vurmaqdır və bəziləri çox təəssüf ki, yuxarıda sadlanan işlərə, çəkilən zəhmətlərə göz yummaqla yanaşı, bu liseyin adını belə nəzərə almadan məsuliyətsiz addımlar atmadan çəkinmirlər!
Cənablar, unutmayın ki, qurub yaratmaq çox çətin, dağıtmaq isə, necə deyərlər, iki vur ikidir. Quranlardan olun, dağıdanlardan yox!
P.s. Hər gün auditoriyalarda bəzən valideynlərin belə öhdəsindən gələ bilmədiyi uşaqlarla ünsiyyətdə olan, əsəb keçirən, buna baxmayaraq yenə də yorulmadan və səbrlə gündəlik fəaliyyətini davam etdirən, ömürünün – günün gözəl anlarını yeni nəslin təlim-tərbiyəsinə xərcləyən və əvəzində yalnız şagird sevgisi ilə təsəlli tapan müəllimləri söyməyə, təhqir etməyə, aşağılamağa heç kimin haqqı yoxdur! Heç kimin!!!
Hər kəs də öz işi ilə məşğul olmalıdır. Məhz öz işi ilə..
Pərviz Ağalarov