Türkiyənin Afyonkarahisar bölgəsi Anadoluda məşhur alim, şair, mütəfəkkir Mövlana Cəlaləddin Ruminin və onun dərvişlərinin məktəbinin ənənələrinin davam etdirildiyi iki mərkəzdən biridir. XIII əsrdə yaşamış alim, mütəfəkkir və şairin zəngin mənəvi irsi bu gün də müdriklik rəmzi kimi qəbul edilir.
Türkiyənin aparıcı mətbuat orqanları və xarici mediastrukturlarının nümayəndələrinin, o cümlədən AZƏRTAC-ın müxbirinin daxil olduğu nümayəndə heyəti Mövlananın davamçılarının məktəbində və dahi mütəfəkkirin varislərinin bir hissəsinin dəfn edildiyi ərazidəki məsciddə olublar.
AZƏRTAC xəbər verir ki, Mövlananın əsərləri onlarla xalqın dillərinə tərcümə edilib, onun miras qoyduğu və dərvişlərin dövrə vurduqları “Səmavi” rəqsi isə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.
Məhz 1296-cı ildə yaradılan Afyonkarahisarlı Mövlana məktəbinin davamçıları sonradan İstanbulun Qalata səmtində dərvişlər üçün (Mövləvixana) görüş yeri təşkil ediblər və bu gün burada vaxtaşırı olaraq Mövləvi sufi təriqətinin üzvlərinin – səmazənlərin çıxışları təşkil edilir.
Afyonkarahisarlı dərvişlər məktəbinin çiçəklənmə dövrü XIV əsrin sonu və XV əsrin əvvəllərinə – Mövlana təliminin onun yeddinci nəsildən varisi – Sultan Divani tərəfindən təbliğ olunduğu vaxta təsadüf edir.
Mövlananın davamçıları məktəbinin ərazisində Mövlana Dərvişləri Muzeyi də yaradılıb, burada dərviş hücrələrinin analoqları qurulub və orta əsr filosofunun davamçılarının heykəlləri, onların əşyaları və qabları sərgilənir.