Anaların yaşı olmur. Onun varlığından aldığın istiliyi, qurban-sadağa getdiyi demirəm, hətta ərklə acıqlandığı səsindən duyduğun məhrəmliyi heç kimdən ala bilməzsən.
Bioloji analarla yanaşı bir də fikir anaları var. Onların da adı çəkiləndə için isinər, görəndə bağrına basmadan keçə bilməzsən, telefonunda zəngi görünəndə belə gözlərinin içi gülər. Hərdən adının yanına xanım qoşub, hərdən də doğman kimi çağırarsan. Bizim Novella xanımı cağırdığımız kimi – MAMAŞA.
Bu gün bizim əziz MAMAŞAmızın yubileyidir. 75 yaşı tamam olur. Bu 75 ilin düz 24 ilinin şahidiyəm. Onu dostu, sirdaşı Əbülfəz Elçibəy prezident seçiləndə sevinc göz yaşlarında boğulan da görmüşəm, saysız-hesabsız mitinqlərin, piketlərin ön cərgəsində də, “içəri” düşən qardaşlarımızın azadlığa çıxması üçün gecə, gündüz demədən polis, məmur qapılarında danışıqlar aparanda da, Azərbaycanın sıxışdırıldığı beynəlxalq tədbirlərdə dövlətini müdafiə edəndə də, səfərlərdə, dost məclislərində də…
Elə bilirəm, MAMAŞAnı tanıyanlar razılaşar – onu bu qədər böyük cameənin sevimlisi edən optimizmidir. “Darıxma, quban olum, yaxşı olacaq” dedimi, gəl də inanma. O, insanın içərisində elə bir ümid işığı yandırır ki, elə bilirsən, daha bütün qaranlıq gecələrin arxada qaldı, sabah yuxudan azad, demokratik, firavan, məmurun vətəndaşla qucaqlaşdığı sivil bir ölkədə oyanacaqsan.
Bəlkə də kimlərsə bunu Novella xanımın “övladlarını” reallıqdan uzaqlaşdıması, başlarının altına yastıq qoyması kimi anlayır. Amma mən bu fikri bölüşmürəm. O, insanları qoruyur. Bu sözləri isə öz davasına inandığı üçün deyir. Novella xanım inanır ki, o haqqın yanındadı və haqq mütləq qalib gələcək. O, xeyrin gec-tez qələbə çalacağına mömin Allaha inanan kimi inanır.
Bizim mamaşa sevməyin də, mübarizə aparmağın da, yaşamağın da gözəlini bacarır. Elə bilirsiz asandı? Deyil. Hər qapısını açan onun yanına dərdini götürüb gəlir. İllərdir bu qədər adamı, bu qədər dərdi dinləmək, çıxış yolu tapmaq nə qədər enerji, böyük daxili iradə tələb edir. Amma o usanmır.
Həyat dolu bu xanımdan nə qədər öyrənəcəklərimiz var… Hər kəsin öz “qınına” çəkilib yalnız ailəsinə, ən yaxın çevrəsinə gün ağladığı çağımızda MAMAŞA kimi pis günün dostu olmağı bacaran neçə nəfər var? Bir əlimlə saydım, barmaqlarımın neçəsi açıq qaldı… Qədrini bilmək gərək..
Dünyada heç nə təsadüfi deyil. Ali kimya təhsili alan Novella xanımın insan haqları müdafiəçisi olmasının da – o insanın, cəmiyyətin kimyasını çözüb. Kimin hansı maddədən olduğunu elə gözəl bilir ki…
Əsil-nəcabətindən gələn kübarlığını çox sevirəm. Ən çətin, ən gərgin anlarda duruşunu itirməz. Həqiqət bildiyini kimsəyə verməz, sözünü tutar, cəsurluqdan, comərdlikdən çəkinməz.
Novella xanımın baş qəhrəmanı olduğu, üzümüzü güldürən, hətta lətifəyə çevrilən nə qədər olay var… Mamaşa insan haqları müdafiəçiləri qrupunun fəaliyyəti haqqında bəzən o qədər emosional danışır ki, orada kişilərin də təmsil olunmasına məhəl qoymadan qrupu “biz qızlar” adlandırır… O, “biz qızlar” deyəndə kişilərin üzündən asılan ifadəni görmək gərək… Dəfələrlə gözümüz yaşarana qədər gülmüşük. Görünür, bu qeyri-ixtyari təqdimat həmin qrupdakı xanım müdafiəçilərin kişilərdən daha effektli işləməsinə görədir…
Bir dəfə Strasburqda gördük Novella xanım dəstədən ayrılır. “Hara belə, mamaşa” – maraq üstün gəldi. “Mətanətin oğlu İstanbulda instituta girib, ona əyin-baş hədiyyə eləməliyəm, gedirəm Khelə”… Bunu ondan heç kim xahiş eləmir… Novella xanım özü belə istəyir – hər kəsə sürprizlər eləmək, həyatı gözəlləşdirmək onun içindən gəlir. O, bunun üçün nə uzaq yolları, nə gərgin müzakirələri maneə saymır. Mamaşadı axı…
Əziz Novella xanım, doğum gününüz mübarək. İstəyirəm, sizin üzünüz həmişə gülsün. Çünki siz ömrünü yalnız özü üçün yaşamayanlardansınız. Sizin üzünüzdə məmnun ifadə varsa, demək, cəmiyyət rahatdı. Ömrünüz uzun olsun. Sizi sevirəm.
Aygün Muradxanlı