Müharibə başlamazdan əvvəl Rusiya Prezidenti Putini dəstəklədiyini bəyan edən Belarusun dövlət başçısı Aleksandr Lukaşenkonun komandası ilə Rusiyanın hücumları və xüsusən də Belarusun “İsgəndər” raketlərindən Ukraynada konkret hansı hədəfləri vurması barədə verdiyi açıqlamalar gündəm olub.
Alp.az xəbər verir ki, Lukaşenkonun Təhlükəsizlik Şurasının iclasında xəritə üzərindəki çıxışı dünya mətbuatında yer alıb.
Qərb mediası hadisəni “Bacarıqsız Lukaşenko Putinin gizli planını sızdırdı”, Növbəti Moldovadırmı?” kimi başlıqlarla işıqlandırıb.
İndiyədək Kreml xarici əməliyyatlarla bağlı məxfiliyi ilə tanınırdı, lakin Putinin Ukrayna müharibəsi ilə bağlı planları onun ən yaxın müttəfiqi, Belarus lideri Aleksandr Lukaşenko tərəfindən iflasa uğradı.
Belarus Təhlükəsizlik Şurasının iclasında çıxış edən Lukaşenko rus qoşunlarının hərəkətlərini və hücum hədəflərini əks etdirən xəritəni təqdim edib. Onun çıxış etdiyi xəritədə Rusiyadan Ukraynaya doğru hücum xətləri göstərilib. Bu hücumların bəziləri (Kiyev, Krım, Xerson kimi) işğalın ilk günlərində baş verib. Eyni zamanda, xəritəyə baxarkən Ukraynanın 4 yerə bölündüyü aydın görünür.
Bununla belə, xəritədə hələ baş verməmiş hücumların təfərrüatları yer alıb. Onlardan biri Odessa limanından Moldovanı işarə edir və Rusiyanın Ukraynanın qonşusuna qoşun yeritməyi planlaşdırdığını göstərir. Ukraynanın 4 hissəyə bölündüyünü göstərən işğal xəritəsi Ukrayna ordusunun komandanlıq əraziləri ilə uyğunlaşdırılıb və ölkənin şərq sərhədi boyunca Belarusdan hədəf alınan nöqtələri göstərir.
“Biz Ukrayna raketlərinin Belarus ərazisinə buraxılmasından 6 saat əvvəl xəbərdarlıq aldıq. Beləliklə, Rusiyanın “İsgəndər” raketləri onları məhv edə bildi”, – Lukaşenko Təhlükəsizlik Şurasına bildirib.
İki keçmiş sovet respublikası 1991-ci ildə müstəqillik əldə etməmişdən əvvəl SSRİ-nin bir hissəsini təşkil edirdi. Slavyan xalqları kimi həm Belarus, həm də Ukrayna bir-birinə yaxın mədəniyyətləri bölüşür. Lukaşenko iki qonşu arasında vasitəçilik rolunu oynadıqdan sonra daha əvvəl Rusiya Prezidenti Vladimir Putinin tərəfini tutmuşdu.
Avropa İttifaqının ali nümayəndəsi Cozef Borrel müharibənin ilk günlərində verdiyi açıqlamada yaxın günlərdə Rusiyanın Moldovada təzyiqlərinin arta biləcəyi, Qərbi Balkanlarda da oxşar vəziyyətin yaşana biləcəyi ilə bağlı xəbərdarlıq etmişdi. Aİ-nin Moldovanı sözügedən xəritə ilə bağlı müdafiə edib-etməyəcəyi yaxın günlərdə məlum olacaq.
publika.az