ABŞ prezidenti Co Bayden administrasiyası İsrail və radikal Fələstinin HƏMAS hərəkatının münaqişəni yaxın gələcəkdə həll edəcəyinə şübhə edir.
Elchi.az xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb.
“Münaqişə ən azı 2024-cü ilin sonuna qədər davam edəcək”,-deyə qəzet Ağ Evdəki mənbəyə istinadən yazıb.
Bayden administrasiyası narahatdır ki, tərəflərdən heç biri güzəştə getməyə hazır olmadığı üçün Qəzzada hərbi əməliyyatlar daha bir neçə ay davam edə bilər.
Ağ Evdəki mənbələrin bildirdiyinə görə, İsrail hakimiyyəti və HƏMAS ümumilikdə girovların və fələstinli məhbusların azad edilməsi məqsədilə altı həftəlik atəşkəslə razılaşır, lakin münaqişənin nəhayət həlli ilə bağlı konsensus yoxdur. HƏMAS İsraildən qoşunlarını Fələstin anklavından tamamilə çıxarmağa razılıq verməsini istəyir, İsrail isə HƏMAS tamamilə məhv edilənə qədər ordusunun Qəzzanı tərk etməyəcəyini bəyan edir. Amerika rəsmilərinin fikrincə, bu fikir ayrılıqları münaqişənin nizamlanması sazişinin bağlanmasını poza bilər.
Yeganə
Mənbə: Reuters.com