İsrailin Qəzza zolağına humanitar yardım göndərməkdən imtina etməsi soyqırıma bərabərdir. Elchi.az RİA Novostiyə istinadən xəbər verir ki, bu ittihamı Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafosa “BRİKS”-in anklavdakı vəziyyətlə bağlı fövqəladə videokonfransda səsləndirib.
“Qəzza sakinlərinə dərman, yanacaq, yemək və su verilməməsi qəsdən soyqırıma bərabərdir”, – deyə siyasətçi vurğulayıb.
Ramafosa, İsrailin hərbi güc tətbiqi ilə Qəzzada mülki şəxslərin kollektiv şəkildə cəzalandırılmasının müharibə cinayəti olduğuna diqqət çəkib və humanitar dəhlizlərin açılmasını istəyib.
“Biz beynəlxalq ictimaiyyəti Qəzza zolağında iztirablara son qoymaq və bu münaqişənin ədalətli və sülh yolu ilə həllinə yol açmaq üçün təcili və konkret addımlar atmağa razılaşmağa çağırırıq”, – deyə prezident bildirib.
Bundan əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanani Chafi bildirib ki, İran Qəzza zolağındakı hərəkətlərinə görə İsrailə qarşı Beynəlxalq Cinayət Məhkəməsinə iddia qaldırmaq niyyətindədir.
Havar Şəfiyeva