Tanınmış hərbi ekspert Ramil Məmmədlinin müsahibəsini təqdim edirik.
– Ukrayna -Rusiya hərbi qüvvələrinin müqayisəsi bu gün ən çox araşdırılanlar arasındadır. İstərdim əvvəlcə söhbətə burdan başlayaq.
– Rusiya dünyanın ən çox silahlanmış 10 ölkəsindən biridir, hətta ilk üçlükdə yer alır. Ukraynada hazırda gedən döyüşlərdə də biz bunu görə bilirik. Rusiya ordusu hərbi əməliyyatların ilk günlərində Ukrayna silahlı qüvvələrini açıq döyüşə çəkməyə çalışdı. Lakin Ukraynanın hərbi komandanlığı ənənəvi cəbhə xəttini, yəni birinci və ikinci müdafiə eşalonu nəzəri anlayışını kənara qoyaraq, əks həmlə və ya hücum mobil qruplarından istifadə etməyə başladı. Artıq Rusiya ordusunun Ukrayna ərazisinə daxil olmasından 2 gün sonra Rusiya hərbi komandanlığı hücumun ana xəttini saxlamaqla, irəliləmə taktikasını dəyişdi. Strateji obyektləri təxribat-əməliyyat qrupları ilə dərinlikdə uğur əldə etmək və əsas hücum eşalonunu üçün effektiv döyüş meydanı açmaq. Qısa şərh etdiyim bu məqamla onu demək istəyirəm ki, Ukrayna hərbi komandanlığı irimiqyaslı müdafiə və əks hücum əməliyyatlarında Rusiya ordusu qarşısında duruş gətirə bilmədiklərini bilirdilər. Bu da Ukrayna ordusunun canlı qüvvə və texniki imkanlar baxımından yerüstü əməliyyatlarda Rusiya ilə müqayisədə güclü olmadığına bir işarədir. Yəni sizin sualınızın cavabı əslində hazırda Ukrayna ordusunun apardığı əməliyyat taktikası ilə bəlli olur.
– Belarusiya sərhəddində yerləşən Çernobil AES- in Rus qoşunlarının nəzarətinə keçməsi dünya üçün nə qədər təhlükə riski daşıyır. Dünya yeni bir Çernobil faciəsinin astanasında ola bilərmi?
– Məsələ burasındadır ki, Çernobil AES-in nüvə bölməsində partlayışın həyata keçirilməsi bütün region üçün arzuolunan deyil. Əlbəttə, həmin AES terror təhlükəsindən xali deyil. Yəni hansısa terror təşkilatı bu AES-i partlatmaqla bölgədə ikinci bir xaos və humanitar gərginlik yarada bilər. Amma bunun Rusiya tərəfindən edilməsi haqda fikirlər isə əsassızdır. Ən azından öz müttəfiqi Belarus bu hadisədən daha çox ziyan çəkə bilər. Yəni Çernobil AES-lə bağlı faciə yaşamağımız inandırıcı deyil. Amma heç nə istisna deyil.
– Müharibə başlayanda Ukraynanın qurduğu müdafiə sisteminin tez çökəcəyini deyirdi hamı. Amma bu gün 5 gündür ki, Ukrayna Rusiyaya meydan oxuyur. Ukrayna bu vəziyyətdə nə qədər davam edə biləcək?
– Bu müharibə bildiyimiz və gördüyümüz müharibə taktikası ilə aparılmır. Fikir verin, Rusiya ordusunun təxribat-əməliyyat qruplarının Ukraynanın hansı şəhərində əməliyyat keçirəcəkləri bəlli deyil. Rusiya ordusunun əsas eşalonunun olmadığı istiqamətlərdə küçə döyüşləri gedir, strateji obyektlər Rusiya döyüşçüləri tərəfindən dağıdılır və sairə. Bu baxımdan Ukrayna ordusunun düşmənlə əsaslı müdafiə xətti yoxdur. Demək olar ki, ilk gündən də bu reallaşdırılmayıb. Rusiya ordusunun bölmələri ilə dərinliklərdə döyüşlər aparılır. Əlbəttə Rusiya hərbi komandanlığı 2 gün ərzində Kiyev vilayətini keçib, paytaxt Kiyevi ələ keçirəcəklərini düşünürdülər. Amma bunu həyata keçirə bilmədilər. Lakin bu o demək deyil ki, Rusiya ordusu Kiyevi ələ keçirə bilməyəcək. Açıq danışmaq lazımdır. Əhaliyə silah paylamaqla, kiçik qruplarla böyük şəhəri müdafiə etmək mümkün deyil. Bunun üçün ciddi, tam təchiz olunmuş, bir neçə mərhələli müdafiə xətti qurulmalıdır. 21-ci əsrdə partizan müharibəsi effektiv deyil. Rusiya hərbi texnologiyalardan istifadə etməklə bu maneələri aradan qaldıra biləcək. Yəni əhaliyə kiçik çaplı atıcı silahlar və qumbaraatanlar paylamaqla düşmənin ağır texnika ilə hərəkətinin qarşısını almaq olmayacaq. Ötən günlərdə gecə saatlarında Rusiya ordusunun kəşfiyyat-təxribat qrupları Kiyev şəhəri ərazisində əməliyyat keçiriblər. Məşğul olublar ya yox, bu artıq başqa söhbətdir. Sual olunur, bu qruplar Ukrayna ərazisinə necə daxil olublar? Demək Rusiyanın bu hərbi əməliyyatı artıq yaxın 2-3 ay ərzində hesablanılıb. Mərhələli şəkildə ölkə ərazisinə bu qruplar göndərilib. Ukrayna güc strukturları – xüsusi xidmət orqanları isə bunun qarşısını almayıblar. Bu nə deməkdir? Ya Ukrayna öz sərhədlərinə ciddi nəzarət edə bilməyib ya da ölkənin güc strukturlarında Rusiya üçün çalışan qərarverici şəxslər var. Bu adamlar Rusiya ordusunun kəşfiyyat-təxribat qruplarının ölkə ərazisinə keçməsinin qarşısının alınması üçün heç nə etməyiblər. Mənim narahatlığım mülki insanların səriştəsizliyin qurbanına çevrilməsidir. Çünki müharibəni özünümüdafiə dəstələri – partizan dəstələri formasında həyata keçirmək ölkəni Suriyanın vəziyyətinə salmağa sürükləməkdir. Artıq gecdir. Burada yeganə yol atəşkəsə nail olunmasıdır.
-Ukrayna hərbi qüvvələri nə qədər hazırlıqlı idi bu müharibəyə?
– Ukrayna ordusu təcrübəsiz deyil. Amma biraz əvvəl dediyim kimi ciddi səhvlər olub. 2014-cü ildən bəri həm Rusiya, həm də Belarusla həmsərhəd bölgələrdə bir neçə mərhələli müdafiə xətti formalaşdırıla bilərdi. Lakin bunların heç biri həyata keçirilməyib. Nəticədə Rusiya ordusu 200 km məsafəni, yəni Belarus-Ukrayna sərhəddindən Kiyev şəhərinə qədər 3 gün ərzində keçə bilib. Bu bağışlanmaz səhvdir.
– Rusiyanın 2014- cü ildə Kırıma girdiyi dövrlə müqayisədə ciddi irəliləmə də hiss olunur.
– Təbii ki, 2014-cü ilin Ukrayna ordusu ilə indiki arasında fərq var. Digər tərəfdən o vaxt Ukrayna ordusunun ölkənin şərqində yalnız təminat-təchizat bölmələri mövcud idi. Yəni döyüş bölmələri çox az idi. Çünki 2014-cü ilə qədər Ukrayna-Rusiya müttəfiq ölkə idi və şərq tərəfdə döyüş ordu bölmələrinin sayının artırılmasına ehtiyac yox idi. Donetsk, Luqansk və Krımın itirilməsində əsas faktorlar bunlar idi. Yəni hərbi-taktik baxımından. Lakin indi vəziyyət dəyişib. Ordu var, amma strateji səhvlər Rusiya ordusunun sürətli hücumuna, kəşfiyyat-təxribat qruplarının ölkənin dərinliyində əməliyyat keçirməsinə imkan yaradıb.
-Qərbdən Ukrayna ordusuna hərbi dəstəklər gəlir və bu dəstəklər Ukraynanın qələbə qazanmasını sığortalaya bilərmi?
– Qələbə qazanmaq üçün artıq silahdan çox taktik gedişlərə ehtiyac var. Təbii ki, silah bu məsələdə rol oynayacaq. Bəli, qərb müxtəlif təyinatlı hərbi vasitələrlə Ukraynanı təchiz edib. Təhcizatın davam etdiyi də deyilir. Amma bunun qələbəni təmin edib-etməyəcəyini söyləmək çətindir. Çünki döyüşlərin miqyası və təyinatı da dəyişməkdədir.
– Ukraynanın işğalı yeni bir soyuq müharibə dövrünü başlada bilərmi?
– Əslində dünyada yeni soyuq müharibə Suriya ilə başlamışdı. Ukrayna isə soyuq müharibəni bir qədər də konkretləşdirdi. Dünənə qədər bu bu fikri dilə gətirməkdən çəkinən siyasətçilər, yəqin ki, bundan sonra açıq şəkildə soyuq müharibənin başlandığını deyə bilər.
-Dünən Putinin Müdafiə Nazirliyinə nüvə silahlarını hazır vəziyyətə gətirməsi əmri verdi. Putinin bu addımı dünyanı nüvə müharibəsinə apara bilərmi, yoxsa sadəcə göz qorxutma xarakteri daşıyır?
– Burda söhbət nüvə silahından getmir. Daha güclü silahlardan istifadə oluna biləcəyini bildirir. Putin hazırkı vəziyyətdə nüvə silahını heç cür işə sala bilməz. Belə bir niyyəti olsaydı Çernobil əlindədi. Partladar bununla da məsələ həll olunar. Burda Putinin niyyəti Ukrayna əhalisini öldürmək deyil. Əsas məqsəd Ukraynada Amerikaya, Britaniyaya bağlı olan höküməti devirib özünə yaxın insanı hakimiyyətə gətirməkdir. Hazırki vəziyyətdə nüvə müharibəsindən söhbət gedə bilməz.Voice Press