Bir çox Qərb dövlətləri və təşkilatları hələ də Ermənistana lobbi dəstəyi verir, Azərbaycana qarşı qərəzli mövqe sərgiləyirlər
Prezident İlham Əliyev TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşündə beynəlxalq təşkilatların minatəmizləmə işinə yardım etmədiyini deyib.
“Biz beynəlxalq strukturlara kömək üçün müraciət etmişik. Lakin əfsuslar olsun ki, artıq bir il üç ay keçib, hələ də müraciətimiz cavabsız qalıb” , – deyə dövlət başçısı bildirib.
Ölkə başçısının sözlərinə görə, əhalinin ora tez qayıtması minaların təmizlənməsindən asılıdır: “Mən konkret müddət deyə bilmərəm, hətta onlarla görüşlərdə deyə bilmərəm, onları yanılda bilmərəm. Biz bu prosesi sürətləndirmək üçün hər gün, hər saat hər şey edirik. Lakin bizə, əlbəttə ki, kömək lazımdır, məhz minalardan təmizlənmə baxımından, hətta maliyyə yardımı deyil, texniki yardım lazımdır. Sadəcə, biz fiziki cəhətdən çatdıra bilmirik. Bizim Minatəmizləmə Agentliyimiz var, Müdafiə Nazirliyində bir neçə batalyonumuz var, FHN qrupu var. Lakin fiziki baxımdan çatmır, çünki bu, çox ləng prosesdir. Buna görə də biz beynəlxalq strukturlara kömək üçün müraciət etmişik. Lakin əfsuslar olsun ki, artıq bir il üç ay keçib, hələ də müraciətimiz cavabsız qalıb”.
Məlumdur ki, bütün beynəlxalq təşkilatlar bu və digər dərəcədə Qərb ölkələrinin təsiri altındadır. Bir çox təşkilatlar isə birbaşa müxtəlif Qərb dövlətlərindən maliyyələşirlər. Bu səbəbdən, əslində bu məsələ üzrə konkret təşkilatlardan daha çox Qərbin münasibəti qabardılmalıdır. Bir çox Qərb dövlətləri və təşkilatları hələ də Ermənistana lobbi dəstəyi verir, Azərbaycana qarşı qərəzli mövqe sərgiləyirlər. Amma burada insan həyatından söhbət gedir və əsas prioritetinin insan həyatı olduğunu bəyan edən Qərb təşkilatları Azərbaycanın çağırışına qulaq verməli idi. Amma göründüyu kimi, vəziyyət əksinədir. Maraqlıdır, beynəlxalq təşkilatlar ərazilərimizin minalardan təmizlənməsində niyə passivdilər və lazım olan yardımı etmirlər?
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev Qərbi ikili standartlardan əl çəkməyə çağırdı: “Məlum məsələdir ki, minalardan təmizlənmə bu gün Azərbaycan dövləti qarşısında duran böyük qayıdışı həyata keçirmək üçün ən önəmli məsələdir. İşğaldan azad edilmiş ərazilərdə minalardan təmizlənmə mütləq şəkildə ilk növbədə infrastrukturların altından işıq, qaz xətti, eyni zamanda çəkilən yollar, dəmir yolu və bütün bunların hamısı minalardan təmizlənməlidir ki, səhəri gün hətta köç olandan sonra orada hər hansı bir partlayış olmasın. Çünki təcrübə göstərir ki, istər Küveytdə, istər Vyetnamda, istər Əfqanıstanda, istərsə də Xorvatiyada sonradan bu problemlər yaşanıb. Ümumiyyətlə, harada müharibə gedibsə, prosedurlar bu məsələləri həll etmək üçün ən mühüm məsələdir. Həmin ərazilər bir nömrəli təmizlənməyə məruz qalmalıdır. Bir daha qeyd edirəm ki, o ərazilər təmizlənəndən sonra bir daha ora təhdid olmamalıdır. Məlum məsələdir ki, Azərbaycan minaların təmizlənməsi ilə bağlı bir çox xarici dövlətlərlə danışıqlar aparır.
Arzu Nağıyev
Burada ilk növbədə minaların yerini müəyyən etmək lazımdır. Bu istiqamətdə Azərbaycan ciddi işlər görür. Ən müasir texnikalar alınmalıdır ki, bu proseslər daha tez həllini tapsın. Bu texnikalar da alınır. Məlumdur ki, işğaldan azad edilmiş ərazilərdə tək minalar deyil, partlamamış müxtəlif mərmilər, döyüş sursatları da var. Bunlar da mütəmadi olaraq partlayırlar. Bunları da təmizləmək qarşımızda duran əsas məsələdir. Müasir texnika deyəndə eyni zamanda Azərbaycanın peykləri vasitəsilə həmin minalanmış əraziləri də tapa bilirik. Təbii ki, bu əraziləri tapmaq bir məsələdir, ondan sonra onların təmizlənməsi faza olaraq ikinci məsələdir. Ermənistan son vaxtlar bəzi mina xəritələrini bizə verib. Bu xəritələr isə yüz faiz inandırıcı deyil. Baxmayaraq ki, mütəşəkkil şəkildə basdırılan minalar var. Lakin bundan başqa atılıb gedən, heç bir xəritəsi olmayan ərazilər də var. Bütün bunları təmizləmək üçün ermənilərə ən ciddi təsir mexanizmlərindən istifadə etmək lazımdır. Bir daha deyirəm ki, verilən mina xəritələri olan ərazilər peyklər vasitəsilə yoxlanılmalıdır. Bundan başqa, xarici təcrübəsi olan şirkətlərlə birgə müəssisələr də yaradılmalıdır ki, bu istiqamətdə də çox ciddi addımlar atılır. Hansı ki, təcrübəsi olan xarici şirkətlər var, onlardan da istifadə etmək lazımdır. Azərbaycanın biznes elitası da bununla maraqlanmalıdır ki, səhəri gün belə şirkətlər yarananda ANAMA ilə razılaşdırmaqla onların sertifikatını ala və addımlar ata bilsinlər. Hansısa dövlətə ümidli olub bu prosesləri aparmırıq. Dövlət rəhbərliyinin də götürdüyü istiqamət bundan ibarətdir ki, əsasən öz gücümüzdən istifadə etməliyik. Təəssüflər olsun ki, bir sıra xarici şirkətlər, dövlətlər Ermənistana bu proseslərdə təsir mexanizmlərindən istifadə etmirlər. Halbuki bu təsirlər olmalıdır. Çünki söhbət burada insan hüquqlarından gedir. Əgər Qərb insan hüquqlarını ən mühüm bir məsələ kimi qarşısına qoyursa, ilk növbədə məcburi köçkünləri öz yerlərinə qaytarmaq və bunu bərpa etmək əsas vacib məsələdir. Bu istiqamətdə bizim diplomatik səylərimiz, diaspora təşkilatlarının nümayəndələrinin təsiri mütləq şəkildə özünü göstərməlidir. Biz kimdənsə Azərbaycan təşkilatlarına vəsait ayırmasını istəmirik. Öz vəsaitləri ilə, hansı ki, bizə ayrılır, ondan istifadə edərək ərazilərin təmizlənməsi prosesində iştirak edə bilərlər. Bunun əvəzində hansısa kompensasiya, yəni vəsait götürə bilərlər. Bu proseslərdə Qərb ikili standartlardan əl çəkməlidir. Status-kvonu saxlamaq istəmirlərsə, eyni zamanda Ermənistanı özlərinə tək tərəfdaş kimi qəbul etmək istəmirlərsə, bu proseslərdə yardımçı olmalı və bu istiqamətdə addımlar atmalıdırlar. Əks halda böyük köçün qayıdışı sülh prosesini, kommunikasiyaların, dəhlizlərin açılışını gecikdirəcək”.
Ramil Məmmədli
Hərbi ekspert Ramil Məmmədli dedi ki, Qərb hər zaman təmanna güdür: “Azərbaycan üçün həssas olan bu mövzuda beynəlxalq təşkilatların, strukturların, xarici ölkələrin bu sahədə peşəkar qurumları olan dövlətlərin dəstəyinə ehtiyacımız var. Təbii ki, keçən bu müddət ərzində Azərbaycan daxili imkanları sayəsində ərazilərin minalardan təmizlənməsi prosesini həyata keçirir. Biz bilirik ki, minatəmizləmə işləri iki istiqamətdə gedir. Bunlardan biri hərbi təyinatlıdır. Burada güc strukturlarının aidiyyəti bölmələri iştirak edir. Söhbət hərbi təyinatlı yol infrastrukturlarının təmizlənməsindən gedir. İkinci isə humanitar təmizləmə işləridir ki, bu, ümumilikdə ərazinin tam olaraq təmizlənməsi ilə bağlıdır. Azərbaycanın əsas çətinliyi də humanitar təmizləmə ilə bağlıdır ki, orada da birmənalı olaraq beynəlxalq dəstəyə ehtiyac var. Lakin beynəlxalq təşkilatların bu və ya digər formada tabe olduqları Qərb ölkələri həmin qurumların Azərbaycanda bu layihələrlə iştirak etməsinə dəstək vermirlər. Kömək ya etmirlər, ya da buna şərait yaratmırlar. Səbəb də birmənalıdır. Bu daha çox Ermənistanın Qərbdə dayaqlarının möhkəm olması ilə əlaqədardır. Biz Vətən müharibəsi zamanı bunun şahidi olduq. Hətta 90-cı illərdə də şahidi olmuşuq ki, Qərb məsələyə birmənalı yanaşmır. Azərbaycanla siyasi oyun oynamaqla əslində Ermənistanı dəstəkləməyə çalışır. Bu məsələ ilə bağlı sırf başqa məqamı da qeyd etmək istəyirəm. Biz yaxşı bilirik ki, Qərb hər zaman atdığı addımlarda təmanna güdür. Məsələni maddiyyat üzərində qurur. Məhz bu layihələrin icrasında onların düşüncəsinə görə Azərbaycan maliyyə ayırmalıdır. Milyonlarla vəsaiti əldə etmək üçün Qərb minatəmizləmə işlərini həyata keçirməyə can ata bilər. Yəni pul təklif etsək, həmin təşkilatların Azərbaycana gəlib burada bu fəaliyyəti göstərmələrində heç bir problem yaranmayacaq”.“Yeni Müsavat”