Fransada prezident seçkilərində ilk beş namizəddən üçü transatlantik alyansın tənqidçiləridir. Fransızların NATO-dan çıxmaq istəyi də əsassız deyil. Bu hərbi bloka meydan oxuya biləcək tək güc varsa, o da Parisdir.
Bu günlərdə Fransanın prezidentliyə namizədi, ifrat solçu Jean-Luc Melençon, ölkəsini NATO-dan çıxmağa çağırdı. O, bu təşkilat haqqında öz tvitində “faydasız qurum” yazdı. Mélençon Fransanın transatlantik bloka üzvlüyünün müdrikliyini şübhə altına alan yeganə namizəd deyil. Dekabr ayında prezidentliyə namizəd, ifrat sağçı Erik Zemmur da Fransanın NATO-dan çıxmasını istədiyini bildirmişdi. Üstəlik, digər ifrat sağçı namizəd Marin Le Pen də prezident seçiləcəyi təqdirdə Fransanın NATO-dan çıxacağını açıqlayıb.
Göründüyü kimi, Fransa prezident seçkilərində ilk beş namizəddən üçü transatlantik alyansın tənqidçiləridir. Fransızların NATO-dan çıxmaq istəyi isə əsassız deyil. Bu ölkə həmişə strateji muxtariyyətə can atıb. Keçmiş prezident Şarl de Qoll 1966-cı ildə, “soyuq müharibə”nin qızğın vaxtında NATO komandanlığından qüvvələrini geri çəkdi. Və bir il sonra bu qurumun ABŞ-ın Avropadakı hegemonluğuna vasitə olduğu üçün etiraz əlaməti olaraq təşkilatın qərargahını Parisdən köçürdü. Fransanın hazırkı prezidenti Emmanuel Makron da bu hərbi blokdan narazı olduğunu bildirib.
2019-cu ildə “Economist”-ə verdiyi müsahibədə Makron deyib: “Hazırda yaşadığımız şey NATO-nun beyin ölümüdür”.
Müəyyən dərəcədə üç prezidentliyə namizədin Fransanı NATO-dan çıxarmaq çağırışı böyük dövlət kimi Fransaya muxtariyyət istəyən Şarl de Qoll xəttinin, eləcə də Qollizmin diplomatik irsinin davamıdır. Bu, uzun müddət fransız xalqının konsensusu idi. Fransa prezidentliyinə namizədlər öz narahatlıqlarını dilə gətirməklə çox güman ki, seçiciləri razı salmağa və bununla da daha geniş dəstək qazanmağa çalışırlar.
Bu arada prezidentliyə namizədlərin NATO-dan çıxmaq çağırışları da onu göstərir ki, Fransa alyansın struktur problemlərini açıq şəkildə görür və bu problemlər bir çox fransızlar arasında skeptisizm yaradır. Blok qeyri-ənənəvi təhlükəsizlik çağırışlarına qarşı mübarizədə səmərəsizliyini nümayiş etdirdi. Üstəlik, ABŞ NATO-dakı müttəfiqlərini müdafiəyə daha çox xərcləməyə məcbur edir ki, bu da ciddi narazılıqlara səbəb olur. Alyans həmçinin Avropa İttifaqını müstəqil xarici siyasət yürütmək imkanından məhrum edib və blokun strateji muxtariyyətini məhdudlaşdırıb.
Fransa güclü təsir gücünə malik ölkədir. Ona görə də, diplomatiya və müdafiə sahəsində təşəbbüsü Fransa öz əlinə alır. Fransanın Qərb müttəfiqlərindən daha bir üstünlüyü özünü nüvə silahına sahib olmasıdır. Üstəlik, Fransa Aİ-dən BMT Təhlükəsizlik Şurasında təmsil olunan yeganə ölkədir. Ona görə də, Fransa öz təhlükəsizliyini tamamilə ABŞ-ın rəhbərlik etdiyi NATO alyansının əlinə verməmək yolunu seçib. Belə bir şəraitdə fransız siyasətçilərinin bu hərbi bloka skeptik münasibət bildirməsi tamamilə təbiidir.
Bazar ertəsi, martın 7-də Latın Amerikasında yaşayan köşə yazarı Benjamin Norton Tvitter hesabında yazıb ki, əgər hər hansı bir Avropa ölkəsi NATO-ya meydan oxuya bilərsə, o ölkə ancaq Fransa ola bilər”.
“Global Times”, Çin. 8 mart 2022
konkret.az