İtaliya millisi qrupdakı kimi oynasa, işi çox çətin olacaq.
Elchi.az xəbər verir ki, bu barədə “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Almaniyada təşkil olunan Avropa çempionatında bu gün keçiriləcək 1/8 final matçları ilə bağlı danışarkən deyib.
Mütəxəssis İsveçrə – İtaliya görüşünün gərgin mübarizə şəraitində keçəcəyini bildirib:
“Avropa çempionatının oyunlarına nəzər saldıqda görürük ki, aşkar favorit yoxdur. Hər komanda yüksək səviyyədə mübarizə aparır. Bu gün ilk olaraq İsveçrə – İtaliya matçına şahidlik edəcəyik. İtaliya millisi qrupdakı kimi oynasa, işi çox çətin olacaq. Qrup görüşlərində xal itirsən də, növbəti matçlar üçün şansın qalır. Lakin 1/8 final elə bir mərhələdir ki, məğlub olmaq şansın yoxdur”.
E.Baxşıyev Almaniya – Danimarka matçında ikincilərin sürpriz edə biləcəyinə inandığını deyib:
“Almaniya – Danimarka görüşü də olduqca maraqlı keçəcək. Düşünürəm ki, skandinaviyalılar turnirin sürpriz komandalarından biridir. Lakin əvvəl də dediyim kimi, pley-off qarşılaşmaları fərqli olur. Komandalar oyuna fərqli yanaşırlar. Bu səbəbdən hansı yığmanın daha şanslı olduğunu demək çətindir”.
Qeyd edək ki, İsveçrə – İtaliya matçı saat 20:00-da, Almaniya – Danimarka görüşü isə 23:00-da start götürəcək.