Cənubi Koreyanın paytaxtı Seulun cənubunda litium akkumulyator zavodunda baş verən yanğında ilkin təsbitlərə görə 20 nəfər həyatını itirib.
Elchi.az xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb.
Məlumatda deyilir ki, yanğınsöndürmə briqadası Seulun cənubundakı Hvason şəhərində “Aricell” adlı litium batareya istehsal edən fabrikdə baş verən yanğına müdaxilə edib. İlkin təsbitlərə görə yanğın nəticəsində 20 nəfər ölüb , ölən işçilərin şəxsiyyətləri hələ müəyyən edilməyib.
Səlahiyyətlilər, 2-si ağır yaralanan 4 nəfərin xəstəxanaya göndərildiyini, fabrikdə qapalı qalan digər işçilərin axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib. Yanğının başvermə səbəbləri araşdırılır.
Cənubi Koreya prezidenti Yoon Suk Yeol yanğının söndürülməsi və sıxışmış işçilərin xilas edilməsi üçün bütün mövcud şəxsi heyətin və avadanlıqların səfərbər edilməsi üçün təcili göstəriş verib.
Daxili işlər və təhlükəsizlik naziri Li Sanq-min də müvafiq dövlət qurumlarından və yerli hökumətlərdən bütün mövcud resurslar və imkanları səfərbər etməyi xahiş edib.
Nuranə Məmmədova