Dekabrın 1-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Pakistanın Hərbi Dəniz Qüvvələri komandanı admiral Muhammad Amcad Xan Niazi ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Alp.az-a verilən məlumata görə, əvvəlcə pakistanlı qonaqlar Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirələrini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar.
General-polkovnik Z.Həsənov hər iki xalq arasında ənənəvi dostluq və qarşılıqlı etimadın olduğunu, Azərbaycan-Pakistan əlaqələrinin və strateji tərəfdaşlığının yüksələn xətlə inkişaf etdiyini vurğulayıb.
Admiral M.A.X.Niazi hər iki ölkə arasında münasibətlərin möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı əlaqələrin vacibliyini qeyd edib.
Görüşdə Azərbaycan, Pakistan və Türkiyənin iştirakı ilə ikitərəfli, eləcə də üçtərəfli birgə hərbi əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi xüsusi vurğulanıb.
Sonda Azərbaycan və Pakistan arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.