22 illik əməkdaşlığımız çərçivəsində Azərbaycanın qeyri-neft sektorunda fəaliyyət göstərən özəl şirkətlərə ən çox investisiya yatıran maliyyə təşkilatı məhz Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) olub.
“APA-Economics”in xəbərinə görə, bunu AYİB prezidenti Suma Çakrabati Bakıda təşkil etdiyi mətbuat konfransında deyib.
“Hesabat dövründə bank təxminən 160 layihəyə 2,3 milyard avro yatırıb”, – deyə o qeyd edib.
AYİB prezidenti qeyd edib ki, ötən il bank Azərbaycan iqtisadiyyatına investisiya yatırımları baxımından rekorda imza atıb: “AYİB 2014-cü ildə Azərbaycanda həyata keçirilən 21 layihəyə 238 milyon avro xərcləyib”.
S. Çakrabati qeyd edib ki, onun rəhbərlik etdiyi bankın Azərbaycanda həyata keçirdiyi layihələr ölkə iqtisadiyyatının diversifikasiyasına yönəlib.
“Bizim “Şahdəniz” kimik iri layihədə iştirakımız da var. Amma əksər layihələrimiz kiçik, orta və iri sahibkarlığa dəstəyin verilməsi ilə bağlıdır”, – deyə o qeyd edib.
O, qeyd edib ki, bu gün Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb. “Biz bankımızla Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsini müzakirə etdik”, – deyə AYİB prezidenti qeyd edib.
Onun sözlərinə görə, həm Azərbaycan hökuməti, həm də AYİB “anlayır ki, kənd təsərrüfatına dəstək daha da artırılmalıdır”.
Bununla yanaşı, S. Çakrabati qeyd edib ki, AYİB infrastruktur, enerji səmərəliliyi, bələdiyyələrə dəstək kimi layihələrdə Azərbaycan tərəfi ilə sıx əməkdaşlıq edəcək.