Çexiya Ordusu Bundesverin bağışladığı ilk “Leopard” 2A4 tankını təhvil alıb.
“Poliqon” Çexiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu münasibətlə yüksək səviyyəli rəsmilərin də qatıldığı təhvilalma mərasimi keçirilib.
Mərasimdə çıxış edən Çexiyanın müdafiə naziri Jana Çernoqova bildirilib ki, Almaniydan alınan “Leopard” 2A4 tankları ölkənin köhnə Sovet texnikalarına olan asılılığını aradan qaldıracaq.
Müdafiə naziri Bundesverin Çexiya Ordusuna 13 ədədi əsas döyüş və 1 ədədi xilasetmə tankı olmaqla daha 14 ədəd “Leopard” 2A4 bağışlayacağını vurğulayıb.
Xatırladaq ki, cari ilin oktyabr ayında “Rheinmetall” şirkəti, Çexiya və Almaniya hökumətləri arasında Çexiya Ordusuna “Leopard 2A4” tanklarının və “Buffalo” zirehli təmir-təxliyyə maşınlarının, onların sursatlarının, ehtiyyat hissələrinin tədarük edilməsi və texniki xidmətin göstərilməsi üçün müqavilə imzalanıb.
Müqavilə çərçivəsində “Rheinmetall” tərəfindən istehsal ediləcək “Leopard 2A4” tanklarının və “Buffalo” zirehli təmir-təxliyyə maşınılarının ilk partiyasının 2023-cü ilin sonuna qədər Çexiya Ordusuna təhvil verilməsi planlaşdırılıb.
Qeyd edək ki, bütün bu proses Almaniya Hökumətinin “Ringtausch” avadanlıq mübadiləsi proqramı çərçivəsində həyata keçiriləcək. “Ringtausch” proqramı Almaniya hökuməti tərəfindən Rusiyanın işğalına qarşı Ukraynanı dəstəkləmək məqsədi ilə başladılıb.
Proqrama əsasən Almaniyanın qonşuları və NATO-ya daxil olan ölkələr yeni Qərb hərbi sistemlərinin əvəzində inventarlarındakı Sovet dövrünə aid hərbi texnika və avadanlıqları Ukrayna Ordusunun silahlanmasına verir.