image-bez-nazvaniyabackend

ABŞ-ın İranda yaratdığı SAVAK Milli təhlükəsizlik və kəşfiyyat xidməti niyə yaradıldı?

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) köməyilə hərbi çevriliş edərək Baş nazir Müsəddiqin devrilməsinə nail olan Məhəmməd Rza şah Pəhləvi öz üsul-idarəsinin təhlükəsizliyini təmin etmək üçün xüsusi dövlət orqanı yaratmağı qərara aldı. Həmin qurum siyasi müxalifəti nəzarət altında saxlamalı, şah əleyhinə planları aşkara çıxararaq zərərsizləşdirməli idi.

Belə daxili nəzarət və kəşfiyyat üçün gərəkən təcrübəsi olmayan İran hakimiyyəti kömək üçün amerikalılara müraciət etdi. Amerikalılar yaranacaq təşkilatdan təkcə daxildə deyil, həm də SSRİ əleyhinə kəşfiyyat sahəsində istifadə etməkdə maraqlı idilər. Tehrana ezam olunan və mənbələrdə adına rast gəlmədiyimiz bir polkovnik sözügedən təhlükəsizlik orqanının ilk təməllərini atır.

1955-ci ildə İranda MKİ-nin beş nəfərdən ibarət qrupu fəaliyyətə başlayır. Onlara general Herbert Norman Şvartskopf rəhbərlik edirdi (onun oğlu Norman Şvartskopf 36 il sonra beynəlxalq koalisiyanın İraqa qarşı “Səhrada fırtına” əməliyyatına rəhbərlik edəcək). Təşkilatın yaranmasında və sonrakı fəaliyyətində İsrailin Mossad kəşfiyyatı da əhəmiyyətli rol oynayır.

“Sazman-e Ettela’at va Amniyat-e Keshvar” (Milli təhlükəsizlik və kəşfiyyat xidməti) və ya qısaca SAVAK adlanan təşkilatın yaranma tarixi 1957-ci il martın 20-si sayılır. Həmin gün şah müvafiq qanun qəbul etdi. İran parlamenti isə həmin qanunu oktyabrın 18-də təsdiqlədi. SAVAK-ın ilk rəhbəri general Teymur Bəxtiyar təyin olundu.

***

Nüfuzlu Bəxtiyari tayfasının başçısının oğlu olan Teymur Bəxtiyar 1914-cü ildə anadan olmuşdu. Onun atası Sərdare Moazzam titilunu daşıyan Fətəli xan idi. O zaman İran aristokratiyasının gənc nümayəndələrinin əksəriyyəti kimi Teymur da frankyönümlü təhsil alır. Əvvəlcə Beyrutdakı fransız məktəbində oxuyur, sonra isə Fransanın özündə Sen-sir hərbi məktəbini bitirir.

1930-cu illərin ikinci yarısında İrana qayıdan gənc Bəxtiyar polis və orduda xidmət edir. Bir hərbçi kimi karyerasında ilk diqqətçəkən hadisə 1946-cı ildə baş verir. O, İranın cənubun məskunlaşan Xəmsə köçəri tayfalar birliyinin narazılıqlarını yatırdır. Bu birliyə ərəblər, irandilli baseri tayfaları ilə yanaşı türkdilli baharlu, inanlu və nəfər tayfaları daxil idilər.

1951-ci ildə şah Soreyya Esfendiyari Bəxtiyari ilə evlənir. Bu izdivac Bəxtiyari tayfasının nüfuzunu daha da gücləndirir və Teymur Bəxtiyarın karyerasına da təsirsiz ötüşmür, onun tutduğu postlar və hərbi rütbəsi sürətlə yüksəlir.

1953-cü ilin yayında tank briqadasının komandiri vəzifəsini tutan Bəxtiyar Müssəddiqin devrilməsində fəal iştirak edir. Bundan sonra şahın ən etibarlı adamlarından biri kimi Tehranın hərbi qubernatoru təyin olunur. O, bu vəzifədə bir sıra uğurlara nail olur. Müsəddiq hökumətində xarici işlər naziri olan, monarxiyanın ləğv edilərək respublika elan edilməsinin tərəfdarı kimi tanınan Hüseyn Fatemi 7 ay gizləndikdən sonra tapılaraq həbs edildi.

1950-1951-ci illərdə Baş nazir olan və İran neftinin milliləşdirilməsinə qarşı çıxdığı üçün öldürülən Hacı Əli Rəzmaranın qatili, “Fədayan-e İslam” təşkilatının üzvü Xəlil Təhmasıbin yeri aşkar edildi və tutuldu. Ordu sıralarında kommunist Tudə Partiyasının üzvü olan bir qrup zabitlər aşkar olundular. Şaha sadiq kadrlardan biri olmasıyla yanaşı belə polis uğurları da Teymur Bəxtiyarın ilk SAVAK şefi təyin olunmasında rol oynadı.

Teymur Bəxtiyari
Teymur Bəxtiyari

Artıq briqada generalı rütbəsini daşıyan Bəxtiyar rəhbərlik etdiyi təşkilatı siyasi müxalifətlə mübarizədə effektli silaha çevirməyi bacarır. Hətta xaricdə məskunlaşan İran dissidentləri də nəzarət altına alınaraq izlənilir. Bununla belə, onun əleyhinə işləyən hadisələr də baş verir.

Övladının olmaması səbəbindən şah 1958-ci ildə Soreyya ilə boşanır və bundan sonra Bəxtiyari tayfası ilə əlaqələr zəifləyir. Digər tərəfdən, Teymur Bəxtiyarla münasibətləri pis olan Əli Əmini 1961-ci ildə Baş nazir təyin edilir, halbuki general özü bu posta iddialı idi.

Bu zaman İranın ABŞ-la münasibətləri heç də rəvan deyildi. 1960-cı ildə məhz şahın təşəbbüsü və israrı ilə İran, İraq, Səudiyyə Ərəbistanı, Küveyt və Venesuela “Neft ixrac edən ölkələr təşkilatı”nı (The Organization of the Petroleum Exporting Countries – OPEC) yaratdılar. Bundan sonra dünya neft bazarında OPEC-in qərarları əhəmiyyətli rol oynamağa başladı. Halbuki əvvəllər bunu “yeddi bacı” adlandırılan neft şirkətləri edirdilər.

Amerikalılar şahın belə təşəbbüskarlığından narazı idilər, SAVAK şefi də özünün Baş nazir ola bilməməyindən. O, amerikalılarla əlaqə yaradaraq yeni bir çevriliş etmək üçün dəstək istəyir. Amma amerikalıların narazılığı o həddə deyildi. Əvəzində generalın bu xəyanəti şaha məlum oldu. 1961-ci ilin iyununda şahın sərəncamı ilə Teymur Bəxtiyar SAVAK-ın direktoru postundan azad edildi.

***

1962-ci ilin yanvarında general Bəxtiyar İrandan çıxaraq əvvəlcə Fransada, sonra isə İsveçrə və Livanda məskunlaşır. Burada şah əleyhdarı olan, dünyanın müxtəlif ölkələrində yaşayan müxalifləri öz ətrafında toplamağa başlayır. Bu, şah hakimiyyətini ciddi narahat edir və Bəxtiyar haqqında beynəlxalq axtarış elan olunur. Bundan sonra başqa ölkələrə o qədər də etibar etməyən general İranla münasibətləri yaxşı olmayan, şah rejiminin bir çox əleyhdarına, o cümlədən ayətullah Xomeyniyə sığınacaq verən İraqa köçür.

Burada o, başqa müxaliflərlə yanaşı Milli Azərbaycan hökumətində hərbi nazir postunu tutmuş Mahmud Pənahiyanla əlaqələr yaradır və işbirliyi qurur. Bəxtiyarın fəaliyyəti, istər müxalifət, istərsə də hakimiyyət məmurları haqqında geniş bilgiləri Məhəmməd Rza şah Pəhləvini təşvişə salır və o, SAVAK-ın artıq üçüncü rəhbəri olan Nəsrullah Nasiriyə (ikincisi Həsən Pakravan idi) nəyin bahasına olursa olsun öz sələfini öldürməyi tapşırır.

Təcrübəli kəşfiyyatçı olan, İraq xüsusi xidmət orqanları tərəfindən ciddi mühafizə olunan Bəxtiyara yaxınlaşmaq və xüsusən də etimadını qazanmaq asan deyildi. Buna nail olmaq üçün ciddi və mürəkkəb əməliyyat hazırlamaq qərarına gəlindi. Özünü şah rejiminin əleyhdarı kimi qələmə verən bir nəfər sərnişin təyyarəsini qaçıraraq İraqda enməyə məcbur etdi. Əlbəttə ki, belə bir hadisə Bəxtiyarın diqqətinə səbəb oldu və o, həmin iranlını öz yanına çəkdi.

SAVAK agenti bir müddət öz davranışı ilə generalın tam etimadını qazanır və hətta onun yaşadığı imarətin daxilində yaşamağa başlayır. O, artıq istədiyi vaxt keçmiş SAVAK şefini öldürə bilərdi, ancaq bu zaman ciddi mühafizə olunan məkandan sağ-salamat çıxmağı mümkünsüz olacaqdı. Buna görə də daha əlverişli məqam gözləməyə başlayır.

1970-ci il, avqustun 12-də Teymur Bəxtiyar həmin SAVAK agenti və iraqlı mühafizəçisi ilə birlikdə ova çıxır (Mahmud Pənahiyan da dəvətli idi, lakin işi olduğundan gedə bilmədi). Ov zamanı SAVAK agenti açdığı atəşlə generalı sağ çiynindən yaralayır və müdaxilə etmək istəyən mühafizəçini öldürür. Bundan sonra yenidən generala tərəf çevrilərək 6 güllə vurur.

Qətldən sonra o, piyada halda İran sərhədinə tərəf üz tutur. Lakin yayın qızmar istisində səhralıqdan ibarət böyük məsafəni qət edə bilmir. İran sərhədinə bir neçə kilometr qalmış huşunu itirir və elə huşsuz vəziyyətdə ələ keçir. Bağdada aparılan həmin adamın adı və sonrakı taleyi naməlum qaldı.

Fransız yazıçısı və jurnalisi Jerar de Vilye bu haqda yazırdı: “General Bəxtiyarın ölümü taleyin istehzası idi. O, özünün yaratdığı alət tərəfindən qətlə yetirildi”.

***

1961-ci ilin iyununda SAVAK direktoru postuna general Həsən Pakrəvan gətirildi. O, 1911-ci ildə zəngin, həm də aristokrat və intellektual ailədə doğulmuşdu. Atası Fətulla xan Qacar xanədanı və ilk Pəhləvi hökmdarı Rza şahın dövründə müxtəlif inzibati və diplomatik vəzifələr tutub. Fransız dili və ədəbiyyatından dərs deyən anası Əminə isə ana tərəfdən avstriya kökənli idi və hətta Avstriya-Macarıstan imperiyasını idarə edən Habsburqlar sülaləsi ilə qohumluq əlaqələrinə malikdi.

Həsən Pakrəvan
Həsən Pakrəvan

Atasını Qahirədəki səfirliyə təyinatı ilə əlaqədar Həsən Pakrəvan burada fransız litseyində təhsil alır. 1923-cü ildə valideynləri boşananda anası ilə Belçikaya yollanır və Lyejdə təhsilini davam etdirir. Daha sonra isə Fransada, Puatye və Fontenbloda artilleriya məktəbində oxuyur. 1933-cü ildə İrana dönən Pakrəvan cəmi 22 yaşı olmasına baxmayaraq, Tehran hərbi məktəbində artilleriya müəllimi vəzifəsinə götürülür.

Parlaq təhsilli Pakrəvan hərbi iyerarxiyada sürətlə yuxarı qalxır və 1951-ci ildə artıq İran hərbi kəşfiyyatının rəhbəri təyin olunur. 1953-cü ildə Baş nazir Müsəddiqlə şah arasındakı konfliktdə tərəf olmaq istəməyəndə isə vəzifəsindən istefa verir və əvvəlcə Fransadakı səfirliyə hərbi attaşenin müavini, bir il sonra isə Hindistana hərbi attaşe göndərilir. SAVAK yaranan zaman artıq general rütbəsini daşıyan Pakrəvan geri çağrılır və yeni təşkilatın direktor müavini təyi olunur. Dörd il sonra isə direktor oldu.

Onun direktorluğu dövrü İran  tarixinin həddindən artıq mürəkkəb dövrünü əhatə edirdi. Məhəmməd Rza şah Pəhləvi 1963-cü ildə “Ağ inqilab” adını verdiyi köklü islahatlar siyasətinə başladı. Bu addım İranda siyasi vəziyyəti xeyli gərginləşdirdi. Xüsusən ruhanilər Ağ inqilabın bəzi müddəalarından, əsasən də qadınlara seçib-seçilmək hüququnun verilməsindən narazı idilər.

Müxalif ruhanilərin ən radikal nümayəndəsi Ruhulla Xomeyni iyunun 3-də, Aşura günü Qum şəhərində etdiyi çıxışında şahı Əməvi xəlifəsi Yezidlə müqayisə etdi. İyunun 5-ə keçən gecə o, həbs edildi. Tərəfdarları buna “15 xordad üsyanı” (xordad İranda tətbiq olunan hicri-şəmsi təqvimində aydır, 22 may – 21 iyun günlərini əhatə edir) alan etirazlarla cavab verdilər. Hökumət Tehran və Şirazda hərbi vəziyyət elan etdi, açılan atəş nəticəsində hökumət mənbələrinə görə 86, əleyhdarlarına görə isə 400-ə qədər insan həlak oldu.

Xomeyni haqqında açılan cinayət işinin maddələri hətta edama qədər cəza nəzərdə tuturdu. Həsən Pakrəvan buna yolverilməz sayırdı, belə bir addımın İranda böyük etirazlara səbəb olacağına inanırdı. O, nüfuzlu ayətullah Şəriətmədari ilə əlaqə saxlayaraq vəziyyətdən çıxış yollarını arayır. Nəticədə, avqustun 5-də üç böyük ayətullah – Şəriətmədari, Milani və Gülpeyqani fitva verərək Xomeynini mərceyi-təqlid kimi tanıdıqlarını bildirdilər. İran Konstitusiyasına görə isə mərceyi-təqlid hüquqi immunitetə malik idi, onu nəinki edam, heç həbs və mühakimə etmək olmazdı.

Belə olduqda, hakimiyyət bir neçə gündən sonra Xomeyninin həbsini ev dustaqlığı ilə əvəz etdi. 1964-cü ilin aprelində isə tam azad edərək Qum şəhərinə qayıtmasına icazə verildi. Lakin tənqidi çıxışlarına ara vermədiyini gördükdə oktyabr ayında ölkədən sürgün etdilər. Bir müddət Türkiyənin Bursa şəhərində yaşayan Xomeyni daha sonra İraqın Nəcəf şəhərində məskunlaşdı.

1965-ci ilin yanvarında İranın Baş naziri Həsən Əli Mənsur parlamentə önündə avtomobilindən enərkən “İslam fədailəri” təşkilatının 17 yaşlı üzvü tərəfindən güllələndi və bir neçə gün sonra vəfat etdi. Bu hadisə Həsən Pakrəvanın SAVAK karyerasına son qoydu. O, yeni yaradılan İnformasiya və turizm nazirliyinin ilk rəhbəri təyin edildi.

Nazir vəzifəsini bir il tutandan sonra general əvvəlcə Pakistanda (1966-1969), sonra isə Fransada (1969-1973) səfir vəzifələrini tutdu. Səlahiyyət müddəti başa çatdıqda təqaüdə çıxaraq ailəsilə birlikdə Parisdə yaşamaq istəyir.Amma şahın dəvətini rədd edə bilməyərək İrana qayıdır və Ədliyyə nazirliyində baş məsləhətçi işləyir, korrusiya ilə mübarizəyə başçılıq edir, 1977-ci ildə də istefaya gedir.

İslam inqilabı zamanı Pakrəvan bir çox yüksək ranqlı məmurlardan fərqli olaraq ölkəni tərk etmir. O, bəlkə də 16 il öncə Xomeyniyə etdiyi yaxşılığa arxayın olur. Ancaq ümidləri doğrulmur və inqilabın qələbəsindən bir neçə gün sonra, yeni hökumətin bir sıra nümayəndələrinin, o cümlədən Baş nazir Mehdi Bazərganın etirazlarına baxmayaraq həbs edilir.

Deyilənlərə görə, ayətullah Xomeyni Pakrəvanın onu xilas etməsini xatırladanlara “biz onun səhvini təkrar etməməliyik” cavabını verir. İran inqilab tribunalının rəhbəri, özünün çoxsaylı edam cəzaları ilə məşhur olan ayətullah Sadeq Xalxalinin çıxardığı hökmə əsasən Həsən Pakrəvan 1979-cu il aprelin 11-də güllələndi.

***

SAVAK-ın üçünci direktoru general Nematollah Nəsiri oldu. O da öz sələfi kimi 1911-ci il doğumlu idi. Amma elə də zəngin ailədən çıxmadığından daha sadə təhsil almışdı. Orta məktəbi Tehranda bitirdikdən sonra hərbi məktəbə daxil oldu. Öz karyerasında ilk əhəmiyyətli vəzifəni 1949-cu ildə tutur: Kerman vilayətinin qubernatoru təyin edilir. 1951-ci ildə isə şahın mühafizə qvardiyasına rəhbərlik edir.

Nematollah Nəsiri
Nematollah Nəsiri

1953-cü ilin avqustunda Baş nazir Məhəmməd Müsəddiqin devrilməsilə nəticələnən “Ayaks” əməliyyatında Nematollah Nəssiri də iştirak edir. Vəzifəsindən azad edilməsi barədə şah sərəncamını Müsəddiqə çatdıran məhz o idi və buna görə Baş nazirə sadiq hərbçilər tərəfindən həbs olundu. Amma belə vəziyyət cəmi bir neçə saat çəkdi. Qəsd uğurla yekunlaşdı və Baş nazir devrildi.

Əvəzində bu hadisə Nəssirini şahın ən etibarlı adamlarından birinə çevirdi və karyera yüksəlişini təmin etdi. Müxtəlif vəzifələrdən sonra 1965-ci ildə SAVAK-ın direktoru təyin olundu. Məhəmməd Rza şahın müxalifləri tezliklə liberal intellektual Pakrəvanın dövrünü həsrətlə xatırlamağa başladılar. SAVAK özünün qorxunc imicini məhz Nassirinin dövründə qazandı.

1965-ci ilin aprelin 10-da şaha qarşı sui-qəsd baş verdi. Şahənşah qvardiyasının əsgəri Rza Şəmsabadi monarxı öldürməyə cəhd göstərdi. Lakin şahın bir neçə dəqiqə gecikməsi həyatını xilas etdi. Baş verən atışmada Şəmsəbadi iki mühafizəçini öldürsə də, özü də qətlə yetirildi.

Bu hadisə Nassiriyə SAVAK-ın yeni metodlarını göstərməyə imkan verdi. Sui-qəsdlə əlaqəli bilinən şəxslər SAVAK zindanlarında dəhşətli işgəncələrə məruz qaldılar, daha sona isə məhkəmənin hökmü ilə güllələndilər. Bundan sonra İranın üzərinə bir SAVAK xofu çökdü.

General Nəssiri SAVAK strukturunu  yenidən qurdu, onun  nəzdində 9 departament yaratdı. Ştatlı işçilərin sayı çoxaldı (onların dəqiq sayı mübahisə mövzusudur), yüzminlərlə iranlı casusluğa cəlb edildi. Onların arasında taksi sürücüləri, ofisiantlar, otel işçiləri kimi daha çox təmas imkanları olanlar üstünlük təşkil edirdilər.

Ərəb ölkələrində baş verən hərbi çevrilişlərdən dərs alan Məhəmməd Rza şah SAVAK-ın ilk növbədə orduya nəzarət etməsini istəyirdi. SAVAK hətta öz şefini də nəzarət altında saxlayırdı. Nematollah Nəssirinin telefon danışıqları yazılır və şaha ötürülürdü. İdarənin ən uğurlu əməliyyatlarından biri də özünün ilk rəhbəri Teymur Bəxtiyarın öldürülməsi idi ki, bu barədə əvvəlki məqaləmdə yazılıb.

İran cəmiyyətində SAVAK zindanlarındakı işgəncələr barədə dəhşətli məlumatlar dolaşırdı. İdarə iranlıların ən çox qorxduqları və ən çox nifrət etdikləri dövlət orqanı idi. Müvafiq olaraq, general Nematollah Nəssiri də ən çox nifrət edilən məmur idi. Onu da qeyd edək ki, general korrupsiyadan xali deyildi və qısa müddət ərzində İranın ən varlı adamlarından birinə çevrilmişdi.

1977-ci ilin yanvarında ABŞ-ın yeni prezidenti Cimmi Karter öz vəzifələrinin icrasına başladı. Onun seçkiqabağı vədlərində bütün dünyada insan hüquqlarının müdafiəsinə diqqət xüsusi yer tuturdu. Məhz ABŞ prezidentinin təsiri ilə şah öz daxili siyasətində müəyyən yumşalmalara getməli oldu, o cümlədən cəmiyyət üzərində SAVAK basqısını azaltdı.

1978-ci ilin əvvəllərindən ölkəni kütləvi etiraz aksiyaları bütüdü. Repressiyalar və gülləbaranla bu aksiyaları dayandıra bilməyən şah bəzi güzəştlərə əl atmalı oldu. Onlardan biri də iyun ayında Nasserini SAVAK direktoru postundan azad edərək Pakistana səfir göndərmək oldu. Amma İrandakı etirazlar bununla səngimədi. Belə olduqda şah xalqın xüsusən nifrət etdiyi bir neçə məmuru həbsə alaraq məsuliyyətə cəlb etməyi qərara aldı. Onlardan biri də Nematollah Nəssiri idi.

Şahdan Tehrana gəlmək əmrini alan Nəssiri nə üçün çağrıldığını bilirdi. Buna baxmayaraq, onun şaha sədaqəti o qədər güclü idi ki, qaçmayaraq geri qayıtdı və  həbs edildi. O monarxiyanın devrilməsini və islamçı hökumətinin qurulmasını da həbsxanada qarşıladı.

İran müxalif düşərgəsinin bütün cinahları (dindarlar, liberallar, solçular) Nəssiriyə nifrət məsələsində həmfikir idilər. Buna görə də yeni hökumət dövründə generalın ömrü  çox çəkmədi. İşgəncələrə məruz qaldıqdan sonra 1979-cu il fevralın 16-da güllələndi.

***

SAVAK direktoru vəzifəsini tutan dördüncü və sonuncu adam Nasir Müqəddəm oldu. O, 1921-ci ildə Tehranda anadan olmuşdu. Orta məktəbi bitirdikdən sonra hərbi məktəbə daxil olub, daha sonra Tehran universitetində hüquq təhsili alıb. 1958-ci ildən etibarən orduda və kəşfiyyat strukturlarında xidmət edib.

1960-cı illərin ikinci yarısında Müqəddəm SAVAK-ın III Departamentinə rəhbərlik edir. Bu şöbə daxili müxalifət və xaricdə oxuyan tələbələrə nəzarətlə məşğul olurdu. 1971-ci ildə isə şahın sərəncamı ilə İran ordusunun kəşfiyyat və əkskəşfiyyat bürosuna rəhbər təyin olunur.

İranda etirazlar genişlənən zaman, 1978-ci ilin yazında məhz Nəsir Müqəddəm şaha məktub yazaraq “ölkənin rifahı üçün bəzi xüsusən korrupsiyalaşmış məmurların” qurban verilməsini təklif edir. Bundan iki ay sonra SAVAK-ın direktoru Nəssiri vəzifəsindən çıxarıldı və onun yerinə general-leytenant Müqəddəm təyin olundu.

Amma şahın bu cəhdləri bəzi səbələrdən uğursuz oldu. Bu səbəblər barədə Meydan TV saytı üçün daha əvvəllər yazdığım “İran: inqilab öncəsi” adlı məqaləmdə bəhs etmişəm.

Etirazlar zamanı insanların əsas nifrət obyektlərindən biri SAVAK ofisləri və nümayəndələri idilər. 1979-cu il yanvarın 11-də Şirazda etirazçılar SAVAK-ın yerli ofisinə hücum etdilər, gülləbaranla üzləşmələrinə baxmayaraq binanı ələ keçirdilər. Xeyli sənədlər yandırıldı, yerli təşkilatın sədr müavini kütlə tərəfindən döyülərək öldürüldü.

Hadisələrin idarəolunmaz şəkil aldığını görən şah yanvarın 16-da ölkəni tərk etdi. Fevralın 1-də Xomeyni İrana qayıtdı, on gün sonra isə ölkəyə nəzarəti tam ələ keçirdi. Bundan bir neçə gün sonra Nəsir Müqəddəm yeni hökumət tərəfindən həbsə alındı və aprelin 11-də Həsən Pakrəvanla eyni gündə edam edildi.

Nəsir Müqəddəm
Nəsir Müqəddəm

***

İslam inqilabından sonra SAVAK ləğv olundu, onun yerinə SAVAMA (Sazman-e Ettelaat Va Amniat Melli Iran) təşkilatı yarandı.  İnqilabi radikalizmin yerini praqmatizm tutandan sonra çoxlu sayda SAVAK əməkdaşı yeni təşkilata cəlb edildi. Tezliklə SAVAMA öz repressiyala və işgəncələri ilə SAVAK-ı kölgədə qoydu.

Yadigar Sadıqlı

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki