Azərbaycanda kreditor borclarını ödəməkdən qəsdən yayınmaya görə cəza yüngülləşdirilir. |
196.1 maddəsinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərarına əsasən təşkilat rəhbərinin və ya vətəndaşın kreditor borclarını, yaxud qiymətli kağızları ödəməkdən qəsdən yayınması xeyli miqdarda ziyan vurduqda 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə cinayət nəticəsində vurulmuş ziyanın 2 mislindən 4 mislinədək miqdarda cərimə və ya 1 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Dəyişikliyə əsasən, sanksiyadakı 3 ilədək azadlıqdan məhrumetmə cəzası 2 ilə endirilir və yeni cəza növü olaraq 2 ilədək azadlığın məhdudlaşdırılması əlavə edilir.
196.2 maddəsinin də sanksiyasında dəyişiklik edilir. Belə ki, eyni əməllər külli miqdarda ziyan vurduqda 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə cinayət nəticəsində vurulmuş ziyanın 3 mislindən 5 mislinədək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Dəyişikliklə 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması cəzası da tətbiq olunacaq və azadlıqdan məhrumetmə cəzasının aşağı həddi 3 ildən 2 ilə endirilir.
Qanun layihəsi Milli Məclis deputatlarının müzakirəsinə verilib.