Nobel mükafatçısı Qabriel Qarsiya Markesin arxivinin satış qiyməti açıqlanıb.
Türkiyənin “Hürriyet” qəzetinin yazdığına görə, Texas Universiteti Harri Ransom Mərkəzinin sözçüsü Markesin 10 romanının orijinalının daxil olduğu arxiv üçün 2,2 milyon dollar ödədiklərini söyləyib.
Ölümündən sonra Texas Universiteti noyabrda yazıçının şəxsi arxivini satın almış və “gələcəkdə baş tutacaq satınalmalara təsir etməmək üçün” miqdarı açıqlamamağa qərar vermişdi.
Amma bu il fevralın 19-da Ədliyyə Nazirliyi işə qarışaraq universitetdən ödənən miqdarın açıqlanmasını istəmişdi.
Yarım əsrlik bir dönəmi əhatə edən 2 min eksponatdan ibarət arxivdə 40-dan çox fotoalbom, iki “Smith Corona” yazı makinası, 5 kompüter və yarımçıq “Bir-birimizi avqustda görəcəyik” romanı var.
Arxivdə dünyanın müxtəlif ölkələrində 25 dilə çevrilən və 50 milyondan çox satılan “Yüz ilin tənhalığı” əsərinin orijinalı da yer alır.
Markesin Qrehem Qrin, Milan Kundera, Günter Grass və Karlos Fuentes kimi yazıçılara göndərdiyi məktublar və yazıçının yaxın dostu Fidel Kastro ilə bağlı sənədlər də arxivdə qorunur.
Ötən il Markesin arxivinin Texas Universitetinə satılması Kolumbiya və Meksika tərəfindən narazılıqla qarşılanmışdı.
Markesin ailəsi isə Kolumbiya hökumətinin onu almaq üçün heç bir təşəbbüs göstərmədiyini, arxivin hərraca çıxarılmadığını, dünyaca ünlü ədəbiyyat arxivi olduğu üçün Ransom Mərkəzinə satıldığını bildirmişdi.
Ransom Mərkəzi, 2005-ci ildə “Uotergeyt” dosyeləri üçün jurnalistlər Bob Vudvord və Karl Bernşteynə 5 milyon dollar, 2008-ci ildə Nobel mükafatçısı Norman Meylerin arxivi üçün 2,5 milyon dollar və 2011-ci ildə Cənubi Afrikalı yazıçı C.M.Koetzinin arxivi üçün 1,5 milyon dollar ödəmişdi.
Harri Ransom Mərkəzində Xorxe Luis Borxes, Uilyam Folkner, Ceyms Coys, Samuel Bekett, Ernest Heminquey və Con Steynbek kimi XX əsrin ən önəmli yazıçılarının arxivi qorunur.
Markesin şəxsi arxivi Harri Ransom Mərkəzindəki araşdırma kitabxanasında nümayiş etdiriləcək. Markes 2014-cü il, aprelin 17-də 87 yaşında dünya ilə vidalaşıb.