“Azərbaycan Rusiyadan niyə Laçın-Xankəndi yolunda sərhəd xidməti vəzifələrinin icrasını gözləyir ki? 10 noyabr 2020-ci il müqaviləsinin 6-cı bəndinə əsasən Rusiya sülhməramlıları Laçın yolunun, 9-cu bəndinə əsasən isə Naxçvanla əlaqə yoluna nəzarəti və təhlükəsizliyi həyata keçirirlər”.
Bu fikirləri Elchi.az-a açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov söyləyib.
“Göründüyü kimi, hər iki halda da nəzarət və təhlükəsizlikdən söhbət gedir. Təhlükəsizlik məsələsi başa düşüləndir. Nəzarət isə nə gömrük, nə də sərhəd xidməti anlamına gəlir. Bu, sadəcə yola nəzarət etmək, yəni kənardan baxmaq, diqqətdə saxlamaq anlamına gəlir. Hətta, 9-cu bənddə Naxçıvanla əlaqənin maneəsizliyindən söhbət gedir. 6-cı bənddə isə maneəsiz gedişdən söhbət belə getmir. Azərbaycan ancaq bu məqsədlə təhlükəsizlik təminatı verir”.
Politoloqun sözlərinə görə, deyilənlərdən aydın olur ki, Azərbaycanın Laçın yolunun Ermənistanla sərhəd ərazisində sərhəd və gömrük xidməti təşkil etməsi 10 noyabr müqaviləsinin şərtlərinə zidd deyil:
“Bu, əslində Azərbaycanın öz üzərinə götürdüyü təhlükəsizlik şərtinin həyata keçirilməsi üçün vacibdir. Azərbaycan tərəfi öz öhdəsinə götürdüyü və yerinə yetirməkdən boyun qaçırmadığı təhlükəsizlik şərtini həyata keçirmək üçün vəziyyətə tam nəzarət etməlidir. Çünki bu təhlükəsizliyin pozulması üçün maraqlı qüvvələr vardır, hansı ki bu, dəfələrlə sübut olunub.
Azərbaycan sərhəddə gömrük və sərhəd xidməti yaratmaqla istər öz, istərsə də Qarabağın erməni əhalisinin təhlükəsizliyinə təminat yaratmış olur. Rusiya da şərtlərə uyğun olaraq həm Azərbaycanın təmin etdiyi təhlükəsizlik tədbirlərinə nəzarət edir, həm də, eyni zamanda, öz səlahiyyət dairəsinə aid olan ərazilərin təhlükəsizliyini, yəni Laçın yolu da daxil Qarabağın erməni əhalisi yaşayan məntəqələrinin təhlükəsizliyini təmin edir”.
Yeganə