Hakim partiya polisdə keçirilən əməliyyatların digər orqanlara da sıçraya biləcəyinin anonsunu verdi
AKP iqtidarının əsas rəqibi Fətullah Gülən hərəkatına qarşı genişmiqyaslı əməliyyata başlaması, 100-dən çox polisi həbs etməsi prezident seçkiləri ərəfəsində olan Türkiyənin gündəminə bomba kimi düşüb.
İyulun 23-də bəlli olub ki, bir gün öncə sübh tezdən başlayan əməliyyat zamanı həbs edilməsi planlaşdırılan 9 nəfər yüksək rütbəli zabit “yox olub”. Polisin axtarışları hələlik nəticə verməyib. Axtarılan 9 yüksək rütbəli polis səlahiyyətlərini aşaraq yüksək vəzifəli dövlət məmurlarını dinləməkdə şübhəli bilinir. Türkiyə mediası yazır ki, həmin şəxslərin bir zamanlar hakimiyyət dairələrində himayəsi olduğu üçün saxta pasportları olması ehtimalı yüksəkdir. Bu səbəbdən onların əməliyyat başlayandan saatlar sonra Türkiyədən çıxdığı versiyası da var. Əməliyyat başlayan saatlardan Türkiyənin sərhəd məntəqələrinə nəzarət bir qədər də gücləndirilib.
İyulun 23-də İstanbul Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Müdürlüyünün keçirdiyi əməliyyatda daha 32 nəfər saxlanıb. Saxlananların hamısı xüsusi xidmət orqanlarının əməkdaşlarıdır.
İstanbul Baş Prokurorluğunun əməliyyatla bağlı yaydığı açıqlamada bildirilir ki, saxlanan şəxslər son 3 ildə 250 nəfəri dinləyirmiş. Dinlənən şəxslər arasında dövlət, hökumət rəsmilərindən başlayaraq sənətçilərə qədər bir çox tanınmış isim var.
Əsas rəqibini seçkiyə qədər tamamilə zəiflədib sıradan çıxarmaqda qərarlı olan AKP bir tərəfdən də seçki hazırlıqlarını davam etdirir. Mübarizəsini siyasi səhnə ilə yanaşı tərəfdaş qruplarda davam etdirən AKP rəqiblərinin vətəndaşlarla görüşlərinə də ara-sıra “dad qatır”. Ötən gün müxalifətin vahid namizədi Ekmeleddin İhsanoğlunun İstanbul gəzisi zamanı növbəti dəfə gözlənilənlər yaşanıb. “Çatı adayı” İstanbulun ünlü Mısır çarşısında vətəndaşlarla görüşəndə yaşlı, hicablı bir qadın İhsanoğluna “cümhuriyyət vətəndaşı olaraq yaxamızdan düşün” deyə bağırıb. Professor İhsanoğlu qadının bağırtılarına cavab olaraq “Demokratiya var” deyib. Sakitləşməyən qadının “Demokratiya ona gör var ki, bunun üçün çalışıblar. Alın təri axıdıblar. Zəmbillə enməyiblər” deməsi ortalığı bir az da qarışdırıb. Söz davasının böyüməsinin qarşısını Milliyətçi Hərəkat Partiyasından olan millət vəkilləri almağa çalışıb. Millət vəkilləri qadını olay yerindən uzaqlaşdırmaq istəsələr də, Ekmeleddin İhsanoğlu buna mane olub.
Bu arada Türkiyənin Səadət Partiyası prezident seçkisinin avqustun 10-da keçiriləcək ilk turunda heç bir namizədi dəstəkləməyəcəyi haqqında qərarını açıqlayıb. Səadət Partiyasının başqanı Mustafa Kamalak partiya üzvlərinin ilk turda heç kimə səs verməyəcəklərini açıqlayıb. Əgər ilk turda namizədlərin heç biri qələbə çala bilməsə və 24 avqusta təyin edilən ikinci tur qaçılmaz olsa, partiya seçki ilə bağlı qərarına yenidən baxacaq.
AKP-nin Gülən camaatına qarşı əməliyyat keçirdiyi gün türkiyənin Habertürk kanalında baş verən kuryoz olay da ölkə gündəminin ən çox danışılan məsələlərindəndir. Ölənin ünlü televizyonçusu Fatih Altaylının “Teke Tek” müəllif proqramının qonağı Türkiyədə Cübbəli Ahmet Hoca kimi tanınan din xadimi Ahmet Mahmut Ünlü olub. Gülən hörgütünə qarşı əməliyyatdan başlayaraq İŞID-a qədər bir sıra vacib mövzular haqqında Fatih Altaylının suallarını cavablandıran Ahmet Mahmut Ünlü danışarkən ekranda professor Ekmeleddin İhsanoğlunun İzmir səfəri ilə bağlı “qaçan xəbər” keçirmiş. Maraqıdır ki, həmin xəbərdə iki dəfə “prezident Ekmeleddin İhsanoğlu” ifadəsi yazılıb.
Professor İhsanoğlunun xəbərdə prezident kimi təkzib etməsini bir çox dairələr təsadüf hesab etmir. Ehtimal edilir ki, bu, konkret dairələrin topluma ötürdüyü mesajdır. Yada salaq ki, alt yazı xəbərlərinə Türkiyədə çox həssaslıqla yanaşılır. Bir neçə ay öncə baş nazir Rəcəb Tayyib Ərdoğan Milliyətçi Hərəkat Partiyasını başqanı Devlet Bahşelinin partiyanın qrup toplantısındakı çıxışı haqqında xəbəri efirdən çıxartdırmışdı. Sonradan bu olay Türkiyədə media azadlığının olmaması ilə bağlı bir neçə beynəlxalq qurumun hesabatında örnək olaraq yer aldı.
Hələlik AKP-nin bu məsələyə rəsmi reaksiyası olmayıb. Ancaq ehtimal edilir ki, Ekmeleddin İhsanoğlunun prezident seçilmədən prezident kimi təqdim edilməsi ən azı AKP lideri Rəcəb Tayyib Ərdoğanın çıxışlarında tənqid olunacaq.
İyulun 23-də AKP-nin seçki təbliğatını Türkiyə baş nazirin müavini Bülənt Arınc aparıb. Elazığda Kanal Fırat televiziyasının canlı efirində olan Bülənt Arınc deyib ki, AKP-nin bir adamın partiyası kimi təqdim edilməsi doğru yanaşma deyil: “Biz tək adamın partiyası deyilik. Tayyib bəy şübhəsiz xarizmatik, başarılı bir liderdir. Ancaq yalnız ona indekslənmiş siyasət yürütsəydik bu nöqtəyə gəlib çıxa bilməzdik”.
Ərdoğan prezident seçilərsə AKP-nin hansı şərtlərlə fəaliyyət göstərəcəyi haqqında sualı cavablandıran Bülənt Arınç bildirib ki, partiya işi öncəki qaydada davam edəcək: “İnsan fanidir, xəstəlik ola bilər, ölüm ola bilər, başqa səbəblər ola bilər. Tayyib bəy getdiyi zaman AKP-nin qapısına qıfıl vurulacaqsa, o qapı bügündən açılmasa yaxşıdır. Partiyamızda baş nazir kimi partiyanı iqtidara daşıyacaq xeyli uğurlu siyasətçilər var”.
AKP təmsilçisi 22 iyul əməliyyatı haqqında sualı da cavablandırıb: “17 dekabrdan həm qabaq, həm də sonra güc strukturlarında bir qrup insanların məhkəmə sistemindəki tərəfdarları ilə əlbir olaraq qanunsuz işlərlə məşğul olduğu bəlli idi. Bizi uzun müddət dinləyiblər. Burada hansı mənfəət güdüldüyünü deyə bilmərəm. Hələlik istintaq qapalı gedir və bu haqda heç bir bilgi verilmir. Bəlli olan odur ki, iş adamlarını, siyasətçiləri şantaj ediblər. Onların özəl həyatları işin içərisinə qarışdırılıb. Xarici İşlər Nazirliyindəki ən qorunan otağın belə dinləndiyindən çıxış edib söyləmək olar ki, bu şəbəkənin imkanları çox genişdir. Bu şəbəkə Milli İstihbarat Təşkilatına qarşı da əməliyyat keçirib. Bir çox yüksək rütbəli şəxsin evinə, ofisinə dinləmə qurğuları yerləşdirilib. Biz bu işlərin fərqinə sonradan vardıq. İnanıram ki, bu şəbəkəni tamamilə ləğv edə biləcəyik”.
Bülənt Arınc çıxışının sonunda diqqət çəkən bir məqamı da vurğulayıb. Baş nazirin müavini deyib ki, polisdə keçirilən genişmiqyaslı əməliyyatlar digər hüquq-mühafizə orqanlarında da təkrarlana bilər. Bunun üçün AKP-nin bütün imkanları var.
Aygün Muradxanlı