İranın cənub-şərqindəki Haş şəhərində cümə namazından sonra keçirilən rejim əleyhinə nümayişlər zamanı təhlükəsizlik qüvvələri ilə bəzi etirazçılar arasında baş verən insidentlərdə çox sayda insanın yaralandığı, fəalların isə hadisələrdə bir nümayişçinin öldüyünü iddia etdiyi bildirilib.
Elchi.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, ölkənin cənub-şərqindəki Sistan-Bəlucistan əyalətinin Haş şəhərində cümə namazından sonra nümayiş keçirilib.
Bu arada ölkə rəhbərliyinə qarşı şüarlar səsləndirən bir qrup nümayişçinin rayon Qubernatorluğuna daş və odlu silahla hücum etdiyi bildirilib. Hadisələr zamanı çoxlu sayda polis əməkdaşının yaralandığı bildirilib.
Xəbərdə polis kabinəsinin də nümayişçilər tərəfindən yandırıldığı bildirilir.
İranın yarı-rəsmi xəbər agentliyi Tesnim təhlükəsizlik qüvvələrinin cavab atəşi nəticəsində çoxlu sayda insanın yaralandığını bildirib.
Qərargahı İngiltərədə olan Bəluc Aktivistlər Təşkilatı Haş şəhərində keçirilən etirazlar zamanı təhlükəsizlik qüvvələrinin nümayişçilərə açdığı atəş nəticəsində 1 nəfərin öldüyünü və çox sayda insanın yaralandığını iddia edib.
Sosial mediada yayımlanan və sözügedən nümayişlərə aid olduğu iddia edilən görüntülərdə təhlükəsizlik qüvvələrinin müdaxiləsi və nümayişçilərlə toqquşması görünür. Bəzi görüntülərdə atəş səsləri eşidilir.
Əyalətdə “Qanlı Cümə” hadisələri
İranda sünnilərin yaşadığı Sistan-Bəlucistan əyalətinin inzibati mərkəzi olan Zahidan şəhəri sentyabrın 30-da cümə namazı zamanı etirazçılarla İran təhlükəsizlik qüvvələri arasında “Qanlı Cümə” kimi tanınan böyük hadisələrin şahidi olub.
Hadisələrdə onlarla insan həlak olub.
İran hakimiyyəti silahlı qrupların məscidin yaxınlığındakı polis məntəqəsinə hücum etdiyini və təhlükəsizlik qüvvələrinin cavab verməsi ilə qarşıdurma baş verdiyini açıqlayıb.
Zahidan şəhərinin imamı olan sünni din xadimi Əbdülhəmid İsmailzehi oktyabrın 2-də etdiyi çıxışında təhlükəsizlik qüvvələrinin xalqa atəş açdığını bildirib və səlahiyyətliləri hadisəni ciddi şəkildə araşdırmağa çağırıb.
Sistan-Bəlucistan Təhlükəsizlik Şurası şəhərin polis rəisi və nümayişçilərin atəşə tutulduğu polis idarəsinin rəisinin hadisələrdə günahı olduğu səbəbilə vəzifəsindən azad edildiyini açıqlayıb.
Dövlət Təhlükəsizlik Şurası şəhərdəki hadisələr zamanı indiyə qədər 35 nəfərin həyatını itirdiyini açıqlasa da, Baluç fəalları ölənlərin sayının 100-ə yaxın olduğunu iddia edib.
Şayəstə