İraq şiələrinin dini lideri Ayətullah Sistani türkmənlərə və bütün iraqlı şiələrə İŞİD terrorçuları ilə hər hansı girov və meyit alış-verişini qadağan edib. Belə ki, İŞİD terrorçuları öldürdükləri şiələrin hər birinin meyiti üçün 20 min dollar istəyiblər. Daha sonra bu məbləğ daha da qaldırılıb. Eyni zamanda, türkmənləri girov götürüb, qarşılığında para istəmə halları da artıb. Musavat.com xəbər verir ki, belə bir vəziyyətdə İraq türkmənlərinin və İraq şiələrinin dini lideri Seyid Əli Sistani terrorçularla hər hansı bir təması və onlara xərac ödəməyi haram elan edib. Bu barədə İsveçrədəki müxbirimizə İraq türkmənlərinin təmsilçilərindən biri məlumat verib. O deyib: “Həzrət bizə buyurdu ki, terrorçulara pul vermək haramdır. Nəyinki meyitə görə, hətta girovlara görə də terrorçuya pul vermək olmaz. Çünki onlara pul verməklə biz terrorçuları daha da gücləndiririk. O fətvadan sonra bu məsələ gündəlikdən çıxdı. Daha kimsə terrorçuya pul verə bilməz. Bilsək ki, bu iş min dollara düzələcək, yenə bu işə əl qoymarıq. Çünki haram elan olundu”…
Bu barədə qəzetimizin 21 iyul tarixli sayında gedən manşet yazısında ətraflı məlumat oxuya biləcəksiniz.