Fransanın “Lans” futbol klubunun prezidenti və klubun səhmlərinin üçdə birinin sahibi Jerve Martel Bakıdan
dönəndən sonra “L’Equipe”ə müsahibəsində azərbaycanlı ortağı, biznesi müflis olan Hafiz Məmmədov haqda danışıb.
Virtualaz.org xəbər verir ki, Jerve Martel Bakıda H.Məmmədovla danışıqlarının yaxşı keçdiyini, azərbaycanlı oliqarxın “Lans”a verməli olduğu 14 milyon avronu “tezliklə ödəyəcəyini” deyib.
O, “Lans”ın maliyyə problemlərini həll etməkdə olduğunu bildirib və yanvar ayından etibarən oyunçu transferinə başlaya biləcəyini deyib. Xatırladaq ki, “Lans”ın səhmlərinin üçdə ikisinin sahibi olan “Hafka” qəfil müflis olduğuna görə klubun büdcəsinə vəd olunan maliyyə transferini həyata keçirə bilməyib.
Həmçinin o, “Lans”a oyunçu transferi üçün tələb olunan minimal məbləği-4 milyon avronu da ödəyə bilməyib. Baxmayaraq ki, “Hafka”nın kluba 14 milyon avro vəsait verəcəyinə dair müqavilə var.
Həmin müqavilədə vəsaitin ödənilməsinə təminatçı rolunda “Hafka”ya məxsus “Bank of Azerbaijan” çıxış edir. Jerve Martel bundan əvvəl xəbərdarlıq etmişdi ki, əgər vəsait ödənilməsə iş məhkəməyə gedib çıxacaq.
Lakin indi fransalı biznesmen “Hafka” ilə Bakıdakı son görüşündən sonra ümidlidir. “Hafiz Məmmədov əsl Şaxta Babadır. Biz 14 milyon avronu yanvarda alacağıq. “Lans” maliyyə problemlərini həll edəcək və biz yüksək liqada qalmağın yolunu tapacağıq. Əgər yüksək liqada qalsaq o zaman gələn il Fransanın ən güclü futbol klublarından biri olacağıq” Jerve Martel bildirib.
“Lans” prezidenti H.Məmmədovun barəsində dolaşan müxtəlif şaiyələrdən də danışıb. “Fransa şaiyələr üzrə dünya çempionudur. Əgər mən Hafiz Məmmədov haqda dolaşan bütün şaiyələri şərh etsəm… O, ölkə daxilində çətinliklərlə üzləşib və hesablarındakı pulları bloklanıb. Ancaq bunların mənə dəxli yoxdur, ümid edirəm ki, o, bu vəziyyətdən çıxacaq və biz yaxın həftələrdə yenidən onunla birlikdə güclü olacağıq” Martel deyib.
Qeyd edək ki, H.Məmmədov Jerve Martelə dəfələrlə “Lans”a vəd olunan pulları tezliklə ödəyəcəyi haqda vədlər verib. Əvvəllər o, pulların Fransa banklarına köçürülməməsinin səbəblərini müxtəlif gülməli səbəblərlə-məsələn, Azərbaycanda bayram günlərinin başlaması, bank kodunun səhv yığılması, bankdan pul köçürmə əməliyyatı zamanı iş vaxtının bitməsi və s. ilə izah edirdi. Bu izahatlara görə H.Məmmədov və hər dəfə ona inanan Jerve Martel Fransa mətbuatında gülüş hədəfinə çevrilmişdi.