Bakı Apellyasiya Məhkəməsində külli miqdarda mənimsəmədə və sənəd saxtalaşdırmaqda ittiham olunan iş adamı Rauf Allahverdiyevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Virtualaz.org-un xəbərinə görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları və apellyasiya şikayətinin dəlilləri araşdırılıb.
Məhkəmə baxışı iyunun 10-a təyin edilib.
İttihama görə, R.Allahverdiyev Rusiya Federasiyasında “Roma S Kompaniya A” şirkətini təsis edib. Bundan sonra şirkətin inkişafı məqsədilə maliyyə cəlb etməyə çalışıb. O, adını dəyişərək, özünü Yusifov Rail kimi təqdim edib və Rusiyada Yelena Akturiçlə əlbir olub, qanunsuz sənəd hazırlayaraq, Azərbaycan Beynəlxalq Bankının Moskva filialından ayrı-ayrı vaxtlarda 866 min 566 manat, 338 min manat, 3 milyon 400 min manat olmaqla, ümumilikdə 15 milyon manat pulu mənimsəyib.
Götürülən pullar R.Allahverdiyevin təsis etdiyi “Roma S Kompaniya A” şirkətinin hesabına köçürülüb.
Bundan başqa, o, Rusiya Federasiyası ərazisində cinayət törətdiyinə görə, istintaqdan gizlənmək məqsədilə Azərbaycana qanunsuz yolla qaçmağa cəhd edib. Belə ki, Quliyev Həsən Qulu oğlunun adına olan rəsmi sənəd hesab edilən Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsini saxtalaşdırıb. Lakin o, Qusar rayonunda yerləşən “Samur” Sərhəd Nəzarəti məntəqəsində sənədi saxta olduğu üçün saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb və həbs qətimkan tədbiri seçilib.