“Avropa İttifaqının müşahidə missiyasının iki illiyə Ermənistan-Azərbaycan sərhəddində
təktərəfli olaraq yerləşdirilməsi regionun hərbi-siyasi balansının dəyişməsi anlamına gəlmir. Bu missiya Aİ-nın Gürcüstandakı missiyasının tərkibindən formalaşdırılıb, mülki xarakter daşıyır və monitorinq ilə məşğul olmalıdır”.
Bu fikirləri Elchi.az-a açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov söyləyib.
“Praqa sammiti çərçivəsində Azərbaycanın da razılığı ilə Ermənistan tərəfdə iki aylığa razılaşdırılmış müvəqqəti missiyanın bir müddətdən sonra uzunmüddətli daimi missiya ilə əvəzlənməsi faktı və bunun Azərbaycan tərəfi ilə razılaşdırılmaması, hətta buna cəhd belə edilməməsi Aİ-nın regionda möhkəmlənməsi, bu missiyanın mülki ad altında Brüssel üçün məlumat toplaması və gələcək perspektivdə regionda hərbi missiya ilə qalması məqsədi daşıdığı aydındır.
Bu missiyadan Azərbaycan narahat olmalıdırmı?
Əslində, Ermənistan tərəfinin öz müstəsna hüququdur ki, istədiyi təşkilat, missiyanı öz sərhəddi daxilində hara istəsə, ora da dəvət etsin. Buna heç kim qarışa bilməz, necəki Rusiya hərbi bazasının öz ərazisində yerləşdirilməsinə razı olub. Azərbaycanın ərazisinə təhlükə olacağı təqdirdə ancaq mümkün çəkindirici tədbirlər görülə bilər, amma bu da bəs etməyə bilər. Ermənistan sərhəddində Aİ-nın monitorinq qrupunun olması Azərbaycan tərəfini narahat etməz. Ona görə ki, Azərbaycanın sərhəd məsələsində Ermənistanla problemi qalmayıb. Olunmalı olunanlar olunub. İndi məsələ Qarabağ ərazisidir. Monitorinq məsələsi daha çox Rusiya-Ermənistan məsələsidir. Brüssel də Rusiyanın hal-hazırda düşmənidir. Müəyyən mənada bu məsələ geosiyasi baxımdan Azərbaycanın lehinə olan məsələdir. Öz aralarında nə qədər gərginlik olsa, bir o qədər bizim işimiz öz yolunda gedər. Təbii ki, Azərbaycan bunları dilə gətirməz”.
Yeganə