İndoneziyanın Qərbi Yava əyalətində dünən baş verən 5,6 bal gücündə zəlzələdə həyatını itirənlərin sayı 268-ə yüksəlib.
Elchi.az xəbər verir ki, bu barədə Milli Fəlakətlərin İdarə Olunması Agentliyinin (BNPB) prezidenti Suharyanto mətbuata verdiyi açıqlamada zəlzələ nəticəsində ən azı 151 nəfərin itkin düşdüyünü, 1000-dən çox insanın isə yaralandığını bildirib.
Suharyanto zəlzələdə həyatını itirənlərin sayının 268-ə yüksəldiyi barədə məlumat paylaşıb.
22 mindən çox ev dağılıb
CNN-in xəbərinə görə, rəsmilər zəlzələdə 22 mindən çox evin dağıldığını, 58 mindən çox insanın isə evlərindən didərgin düşdüyünü bildirib.
Qərbi Yava valisi Ridvan Kamil mətbuat mənsublarına verdiyi açıqlamada həyatını itirənlərin əksəriyyətinin uşaqlar olduğunu bildirib.
Britaniyanın Save the Children humanitar təşkilatı zəlzələdən 50-dən çox məktəbin zərər çəkdiyini açıqlayıb və şiddətli sarsıntının məktəblərdəki şagirdlərin qaçmasını çətinləşdirdiyini açıqlayıb.
ABŞ Geoloji Xidməti (USGS) dünən İndoneziyanın Qərbi Yava əyalətindəki Ciranjang şəhərindən 18 kilometr cənub-qərbdə baş verən 5,6 bal gücündə zəlzələnin 10 kilometr dərinlikdə qeydə alındığını açıqlayıb.
Paytaxt Cakartada bir neçə saniyəlik sarsıntıya səbəb olduğu qeyd edilən zəlzələdən sonra sunami xəbərdarlığı verilməyib.
Şayəstə