“Bu gün Azərbaycan-Ermənistan münaqişəsinin hələ də davam etməsinin sadə bir səbəbi var. Hekayənin məhvi! Ermənilərin hekayəsi məhv oldu. Hansı ki, savaşa qədər erməni cəmiyyətinə yeridilən zəhərli ideologiya nə idi? “Böyük Ermənistan”, “Dənizdən-dənizə Ermənistan”. Və bir də ayıldılar ki, nəinki Qarabağ, proseslər Ermənistanın içərisinə keçməyə başladı. Cəmiyyətin buna alışması 1-2 ilin işi deyil”.
Elchi.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Rusif Məmmədsoy FB hesabında qeyd edib:
“Təsadüfi deyil ki, Petrosyanın son müsahibəsi də məhz daxili auditoriyaya hesablanmış açıqlamalar idi. Çıxış yolu yoxdur, bu dəqiqdir. Petrosyan Ermənistanda ən ağıllı, uzaqgörən siyasilərdən biri, məncə elə birincisidir. Mərhum prezident Heydər Əliyevin dönəmində “Əsrin Müqaviləsi” imzalanan zaman Ermənistanla şifahi razılıq əldə olunmuşdu. Petrosyan ermənilərə o vaxt da izah edirdi ki, “Biz iqtisadi blokada şəraitində olacağıq. Bu layihələrdə iştirak etməyimiz vacibdir. Əks təqdirdə zaman gələcək Azərbaycanın irəli sürdüyü şərtləri məcbur qəbul edəcəyik”. Sonrası isə məlum. Qarabağ klanı hakimiyyətə gəldi. O vaxtdan bu yana bu zəhərli ideyaları cəmiyyətə yeritdilər.
Yeni reallıqlar və yenə də Petrosyan yenə də cəmiyyətə izah edir ki, RAZILAŞMALIYIQ! Alternativ sadəcə yoxdur. Yeni savaşmı? Bunun da nəticəsi öncədən bəllidir. Əlbəttə hər iki tərəfdən itkilər olacaq. Petrosyan da elə onu deyir ki, nəticəsini bildiyimiz döyüşə niyə girək ki? Erməni cəmiyyətinin əksər hissəsi də əslində Petrosyanın fikirləri ilə razıdır. Ən azından Nikolu yenidən seçdikləri üçün bunu rahatlıqla bunu deyə bilərəm. Burda problem bir qədər fərqlidir. Paşinyan üçün çox ciddi olmasa da təhlükəli məsələ revanşistlərdir. Onlar hər vəchlə çalışır ki, Nikol sülhlə bağlı danışan kimi təzyiq göstərsinlər. Son proseslər zamanı bunu bir daha müşahidə etmiş olduq. Revanşistlərin arxasında duran, onları dəstəkləyən Rusiya amili də Nikolu narahat etməmiş deyil. Həmin Rusiya ki, qopmaq istəyir, amma bu o qədər də sadə deyil. Küçələrdə aksiya etməklə, “rədd olsun ОДКБ, rədd olsun Aİ” deməklə rədd olmayacaq. Hazırda Ermənistan sərhədlərinə birmənalı şəkildə Rusiya nəzarət edir. İqtisadi asılılıqdan danışmıram hələ. Bir sözlə Nikol kreslosunu qoruyub saxlamaq üçün çox incə, ehtiyatlı siyasət yürütməyə məhkumdur.
Bəs Paşinyana güvənmək olarmı? Birmənalı şəkildə XEYR! Bundan öncə daxildəki vəziyyəti nəzərə alaraq Nikola bu şansı tanıdıq. Sonrası ilə məlum və 44 günlük savaşa başladıq. Bizi Ermənistandakı proseslər, Nikolun gələcək taleyi və ya yenidən Qarabağ Klanının hakimiyyətə gələcəyi maraqlandırmamalıdır. Kim gəlirsə gəlsin, daha pis vəziyyətə düşə bilər. Ona görə də bizim gözləmək səbəbimiz Ermənistan deyil, Rusiya amilidir. Rusiya da hazırda çətin durumdadır. Ən böyük maneə olan Kremlin Ukraynada başının qarışmasından ciddi şəkildə istifadə etməli və bütünlükdə Qarabağ məsələsini bitirməliyik. Əslində bu məsələ ilə də bağlı fərqli düşüncədəyəm. Hesab edirəm ki, bizim üçün Xankəndidəki separatçılar ciddi təhlükə törətmir və bu məsələni bitmiş hesab edirik. Ona görə də əsas diqqətimiz məhz Zəngəzur istiqamətinə yönəlib. Hansı ki, əslində Qarabağın gələcək perspektivdə də tamamilə təhlükəsiz olması üçün Zəngəzur məsələsində də ciddi irəliləyişlər olmalıdır. Yoxsa biz yenə də sentyabr ayındakı təxribatlarla qarşılaşa bilərik. Belə demək mümkünsə prioritet dəyişib deyə düşünürəm. Hər halda Rusiya Dövlət dumasının sədrinin Bakı səfərini də gözardı etmək olmaz. Rusiya hansı xahiş edib bu da ayrı müzakirə mövzusudur. Lakin, hazırda danışdığımız məsələ ilə də birbaşa bağlıdır…
Digər maneə isə Qərbdir. Ancaq mən bunu ümumiyyətlə maneə adlandırmaqdan kənaram. Bir məsələni anlamaq lazımdır ki, hazırda Azərbaycan və Qərbin münasibətləri tarixinin qızıl dövrünü yaşayır. Bizə qarşı olacaq təzyiqlər maksimum bəyanatdan o tərəfə keçməyəcək. Eyni zamanda ötən aylarda Aİ ilə aramızda imzalanan sənədlər bizə çox böyük üstünlüklər verdi. Xüsusi aktivliyi ilə seçilən Fransa isə perspektivdə Rusiyanın zəifləyəcəyi amili nəzərə alaraq bölgəyə girmək istəyir, lakin bu da qeyri-mümkündür və ciddi heç bir təsir rıçağı olmayacaq”.
Yeganə